atılan foto - Çərçivədəki kişi

37
Atılan Foto - Çərçivədəki kişi Bu gün Oda Teatrı ndan çıxıb evə gedirdik. Bakının sakit küçələrindən keçirdik ki, zibil tullantılarının olduğu yerdə gördüyünüz mənzərə i lə rastlaşdıq. Şəklin tarixçəsini və tullanma səbəbi bizə naməlumdur. Adətən, Bakı kəndlərində insanların, xüsusilə köhnə onların köhnə şəkillərinin zibilliyə atılmasına yaxşı baxmırlar. İnsanları vaxtı bitənədək istifadə edib zibilliyə atmayın!” devizi altında hekayə müsabiqəsinə qoşulan şəxslərin hekayələr toplusunu oxuya bilərsiz. Hekayələrin adları müəlliflərin öhdəsindədir.

Upload: aynur-zarrintac

Post on 07-Apr-2016

264 views

Category:

Documents


2 download

DESCRIPTION

Bu gün Oda Teatrından çıxıb evə gedirdik. Bakının sakit küçələrindən keçirdik ki, zibil tullantılarının olduğu yerdə gördüyünüz mənzərə ilə rastlaşdıq. Şəklin tarixçəsini və tullanma səbəbi bizə naməlumdur. Adətən, Bakı kəndlərində insanların, xüsusilə köhnə onların köhnə şəkillərinin zibilliyə atılmasına yaxşı baxmırlar. “İnsanları vaxtı bitənədək istifadə edib zibilliyə atmayın!” devizi altında hekayə müsabiqəsinə qoşulan şəxslərin hekayələr toplusunu oxuya bilərsiz. Hekayələrin adları müəlliflərin öhdəsindədir.

TRANSCRIPT

Page 1: Atılan Foto - Çərçivədəki kişi

Atılan Foto - Çərçivədəki kişi

Bu gün Oda Teatrından çıxıb evə gedirdik. Bakının sakit küçələrindən keçirdik ki, zibil tullantılarının olduğu yerdə gördüyünüz mənzərə ilə rastlaşdıq. Şəklin tarixçəsini və tullanma səbəbi bizə naməlumdur. Adətən, Bakı kəndlərində insanların, xüsusilə köhnə onların köhnə şəkillərinin zibilliyə atılmasına yaxşı baxmırlar.

“İnsanları vaxtı bitənədək istifadə edib zibilliyə atmayın!” devizi altında hekayə müsabiqəsinə qoşulan şəxslərin hekayələr toplusunu oxuya bilərsiz. Hekayələrin adları müəlliflərin öhdəsindədir.

Bakı (c) 2015

Page 2: Atılan Foto - Çərçivədəki kişi

Mündəricat

1. Rövşən İsayev – Unudulmayan şəkil2. Gülnar Quluzadə - İtirilmiş həyat3. Kənan Məmmədli – Adsız 4. Azər Cəfərlov – Son mənzil5. Şərif Abde - “Təsəlli”6. Abuzər Cəfərov –Unudulmayan şəkil 7. Müzəffər Paşazadə - Bumeranq8. Xanım Əliyeva – Pəncərədəki baxışlar9. Suğra Cəfərova – Qış gecəsi10.Sübhan Qənbər – Zibilqabında dəfn11.Şəkər Rza - Zibilliyə atılmış şəkil haqqında hekayə12.Sənubər Heydərova - İstifadə müddəti bitmiş şəkil13. Qəlblərdən...zibilliyə... - Nərgiz Qədirli 14.Fəridə Məmmədova - Adsız15. Bəhruz Rzayev – Something about .... (İngilis dilində)16. Kəmalə Camalova - Şəkillər ömürdən qalan yadigar, ömür ötər keçər,

şəkillər qalar. 

Page 3: Atılan Foto - Çərçivədəki kişi

UNUDULMAYAN ŞƏKİL

Rövşən İsayev

Rafiq hələ cavan idi, universitetdə oxuyurdu. Onun heç də xəyallarında canlandırdığı kimi keçməmişdi uşaqlığı. Elə universitet illəri də düşündüyü kimi maraqlı və əyləncəli ötüşmürdü. Ailəsinin yoxsulluğu xəyallarını əlçatmaz etmişdi Rafiqə.

Ta ki, onu görüncə... Xəyalında canlandırdığı və onun üçün əlçatmaz olmayan yeganə hadisə... FİRƏNGİZ... O Rafiqin təsəvvür etdiyi qız idi. Və indi o qız Rafiqin gözünün önündən keçir. Firəngizlə eyni universitetdə oxuduğunu bildikdə sanki uşaqlıq və hazırda universitet illərindəki sıxıntılarını bir andaca unutdu. Gözlərini ayıra bilmirdi ondan. Hər gün hamıdan tez universitetin önünə gəlib Firəngizi gözləyirdi. Onun dərslərinin olduğu otaqı öyrənib hər dərs onu izləməyə gedirdi. Bir müddət belə davam etdi. Bütün bu zaman içində Firəngiz də Rafiqin onun arxasınca gəzməyinin, onu izlədiyinin fərqində idi.

Nəhayət, Rafiq Firəngizə yaxınlaşıb ürəyini açmaq, qəlbindəkiləri demək qərarına gəldi. Bir gün Firəngiz dərsdən çıxıb evə gedərkən Rafiq ona yaxınlaşdı. Ürəyindəkiləri Firəngizə dedi. Firəngiz heç bir şey demədən oradan uzaqlaşdı. Bu hadisə Rafiqə o qədər də pis təsir etməmişdi. Çünki ən azından o buna cürət edib xəyallarındakı qızın gözlərinə baxaraq ürəyindən keçənləri demişdi.

Bir müddət sonra təkrar Firəngizə yaxınlaşmaq qərarına gəldi və elə də etdi. Firəngiz onun fikirlərini müsbət qarşıladı və bu müddət ərzində özünün də Rafiqə qarşı hisslərinin olduğunu bildirdi.

Onlar universiteti bitirib işləməyə, “iqtisadi azadlıq” qazanmağa başladılar. Çox gözəl sevlilik münasibətləri olan cütlük nəhayət evlənmək qərarına gəlirlər. Bu barədə ailələri ilə danışan gənclər ailələrini razı salır və evlənirlər.

Onların evlilikdə iki övladı dünyaya gəlir. Bir müddətdən sonra Rafiq daha artıq qazanc məqsədi ilə başqa ölkəyə getməyə qərar verir. Firəngiz getməməsi üçün təkid etsə də, Rafiqi fikrindən yayındıra bilmir.

Rafiq başqa dövlətə yola düşür. Orada işləməyə başlayır. İşləri yaxşı olduğundan bir az daha orada qalmağı planlaşdırır. Mütəmadi olaraq ailəsinə pul göndərir.

Və bir gün göndərdiyi pul zərfindən başqa bir şey daha çıxır... ŞƏKİL... Rafiqin şəkli. Şəklin arxasında “Uşaqlar mənim necə olmağımı soruşsalar bu şəkli göstər, atanız tezliklə gələcək de”. Firəngizin gözləri dolur.

Page 4: Atılan Foto - Çərçivədəki kişi

Bir neçə il sonra Rafiq evinə dönür. Ancaq bu dönüş fərqli olur. Çünki o artıq ayaqları üzərində yox, başqalarının çiyinləri üzərində dönmüşdü... Tabutda dönmüşdü...

Firəngizin göz yaşları dayanmır, uşaqlar özlərini itimiş, nə edəcəklərini bilmirdilər. Bir müddət ailə Rafiqin yoxluğunu qəbul edə bilməsə də, sonda övladları bunu qəbul etmişdi. Lakin Firəngiz hələ də Rafiqin yolunu gözləyirmiş kimi hər gün yollara baxırdı. Bir müddət sonra Firəngiz psixi pozğunluq yaşayır və Rafiqin yaşadığını düşünərək hər gün işdən gəlməsini gözləyir, ona şam yeməyi hazırlayırdı.

Firəngiz Rafiqin şəklini böyütdürüb yataq otağına qoymuşdu. Rafiqin işdən gəldikdə o şəkli görüb sevinəcəyini düşünürdü. Övladlarının cəhdlərinə baxmayaraq, Firəngiz Rafiqin yoxluğunu qəbul etmirdi. Hər gün şəklinə baxıb ağlayır, Rafiqin onu aldatdığı, başqa qadınla birlikdə olduğu üçün o evə qayıtmadığını fikirləşirdi.

Bütün bu olanlardan sonra övladlarında həm atalarının bu neçə ildə onları burada buraxıb getməyinə, bu illər ərzində bir dəfə də olsun onları görməyə gəlmədiyinə görə atalarından soyumuş, ona əsəbləşmiş, eyni zamanda onları böyüdən, hər əziyyətlərinə tək qatlanan analarını bu vəziyyətə saldığı üçün atalarına qarşı artıq nifrət hissi oyanmışdı.

Sonda övladları çarəsiz qalaraq analarının ataları Rafiqi unutması üçün şəkli zibilliyə atır, qadını isə ərinin onları tərk etdiyinə inandırırlar. Lakin Firəngizin gözü hələ də Rafiqin yolunu gözləyir, övladlarından gizli Rafiqin onda qalan kiçik rəsminə baxırdı.

Page 5: Atılan Foto - Çərçivədəki kişi

* * *

İtirilmiş həyat

Gülnar Quluzadə

Ağır addımlarla anasının otağına girdi yaşlı adam. Həyəcan dolu baxışlarla ətrafa göz gəzdirdi. Qəribə duyğuların ağuşunda idi. Gah acı-acı gülür, gah da gözləri dolurdu. Otaq toz içində olsa da, rəhmətlik anasının qoyduğu səliqə-sahman yerində qalırdı. Soyuqluq, qaranlıq və səssizlik artıq bu evin sahibinə çevrilmişdi. Bir zaman sevinc, gülüş və xoşbəxtlik olan kimi... Xatirələrlə dolu otağa yorğun gözləri ilə bir daha nəzər saldı. Anasının yatağının yanındakı dolaba belə baxdı. Siyirməsini çəkəndə donub yerindəcə qaldı. Gördyünə inana bilmirdi. Üzərini toz basmış “qəhrəman” ona baxırdı. Bir vaxtlar doğma, indi donuq baxışlarla gözünü gözünə zilləmişdi..

Çərçivəyə salınmış şəkli siyirmədən çıxarıb əlinə aldı. Əlləri əsirdi. Bu dəfə daha yaxın, üz-üzə idi o üz ilə. Bütün xartirələr gözünün önündə canlandı bir an. Ürəkdən gələn yanğı ilə iki damla göz yaşı çərçivənin üstünə düşdü. Sanki göz yaşının ağırlığına titrəyən əlləri tab gətirmədi. Çərçivənin əlindən yerə düşməsi ilə xatirələrindən oyanması bir oldu. Çərçivənin şüşəsi sınıb ətrafa səpələndi. Bir vaxtlar onun həyatı sınan kimi. Taqətsiz halda əyilib sınmış çərçivəni yerdən götürdü. Anasının yatağında əyləşdi. Bir yandan yaşının verdiyi yorğunluq, bir yandan da qarşılaşdığı mənzərə onu daha da taqətsiz etmişdi.

Cavadın əlləri əsir, rəsmə zillənmış gözləri isə yol çəkirdi. Qırx illik sınmış, məhv olmuş həyatının pəncərəsindən kecmişinə baxırdı. Sonuncu xoşbəxt ilinin son günündə çəkdirdiyi şəkli ilə, yəni unutduğu üzü ilə qarşı-qarşya idi. Arxaya daranmış gur qara saçları, qara qaşları, nazik bığı və tər-təmiz üzü ilə. Bir vaxtlar yaraşığı ilə qururlandığı, hamının həsədlə baxdığı, hər getdiyi məclisdə hörmətlə qarşılandığını yadına salan Cavad indi onu görüb qorxmasınlar deyə gecələrin qaranlığında gizlənirdi. Ətrafı dostlarla dolu olan Cavadın yalnızlıq sirdaşı olmuşdu. Bir vaxtlar güzgü önündən çəkilməyən o Cavad güzgülərin düşməni idi indi.

Dərindən bir ah çəkib: -Hə, “qəhrəman” — deyərək, qırıq-qırıq kəlimələr ağzından çıxırdı. – “Sən o yanğında verdiyin fədakarlıqla bütün həyatımı məhv etdin. Qırx il kimsəsizlik, qırx il tənhalıq hədiyyəm oldu. Həyat çərçivəm sındı. Sənin çərçivən indi sınsa nə olar ki... - Xilas etdiyin insanların “sağ ol”u belə olmadı. Çünki bu yanğınsöndürənlərin işi, hətta borcudur. Bir yanğınsöndürənin üzü yansa nə olar ki, dünya dağılmaz. Həyat yenə davam edəcək. Etdi də. Sən isə yalnız gecələrinlə , keçəl başınla, yanıb eybəcər hala düşmüş sifətinlə, insanların qorxu dolu gözlərinin, kinayəli “gündüzlər çıxma, görmürsən qorxuruq?!” sözlərini eşitcək qulaqlarınla davam edən

Page 6: Atılan Foto - Çərçivədəki kişi

həyatı yaşayırsan. Ona yaşamaq demək olarsa əgər. Ta can bədəndən çıxanacan.” - deyib bir daha ah çəkdi. Rəhmətlik anasının xartirəsinə minnətdarlıq hissilə son dəfə otağa nəzər salıb vidalaşdı. Cavanlıq rəsmi olan çərçivəsini əlinə alıb yalnızlığına sığındı... Sonra gündəlik yazar kimi öz dünyasında sanki pıçılti ilə nəyisə qeyd edirdi: - “Bu gün unutduğum və əbədi unudacağım qəhrəmanla bir daha vidalaşdım. Bu yanmış üzün sahibini öləndə belə o üzlə xatırlamasınlar deyə... Nə var ki ölüm qapıda artıq... Hə vidalaşdım, qırx il bundan öncə insanların vidalaşdığı kimi. İndi o da sınmış, zibil qutusunda lazımsız, istifadə vaxtı keçmişlərin arasındadır” – deyib bu günkü tarixi unutmamaq üçün tez-tez təkrarladı.

* * *

AdsızKənan Məmmədli

Bir zamanlar məclislərin ən hörmətli qonağı olub, ən hörmətli yerdə əyləşərdim. Lap gənc yaşlarımdan kasıbçılıqla böyüdüyümıə baxmayaraq, elm adına gördüyüm işlərə, imza atdığım yeniliklərə görə hara getməyimdən asılı olmayaraq, başa keçirib ən yuxarı yerdə əyləşdirərdilər, hər kəs tərəfindən məclislərin bəzəyi kimi qiymətləndirilərdim.

İndi də bəzədiyim yerlər var. Cismən olmasa da, ruhən. Bəlkə də elə hər ikisi. Tərk edilmiş və illərdir ziyarət belə olunmayan bir məzarım var. Ötən il tanımadığım bir şəxs tərəfindən ziyarət olundum. Səbəb isə sonradan aydınlaşdı və çox pis oldum. Sən demə qəbristanlıq rəhbərliyinin qazanc yeri olan qəbir yeri alverinə yeni obyekt bəxş etmək üçün növbə mənim kimsəsiz hesab edilən qəbrimə çatıbmış. Növbəti yox ediləcək məzar yeri mənə məxsus imiş, amma hələ də kiminsə gələcəyini gözləyirəm.

Son rəsmim yenə də hansısa bir məkanı bəzəməkdədir. Zibilxananı. Sağ olsunlar ki, həmişə olduğu kimi hörmətlə lap yuxarı başa tullayıblar. Bir də məni görən gənclərin maraq dolu baxışı üzür adamı. Heç birinizə arzu etmirəm, amma vaxt gələcək... Yox! Demirəm. Siz mənim kimi olmayacaqsınız!

Page 7: Atılan Foto - Çərçivədəki kişi

* * *

Son mənzil

Azər Cəfərov

Adı Ağababa idi, amma hamı onu Ağobba çağırırdı. Atası elə Ağobba uşaq ikən ölmüşdü. Anası bizim məktəbdə xadimə işləyirdi. Çox kasıb yaşayırdılar. Hamı kimi deyildi. Uşaqlıqdan özünə qapalı idi. Heç kimlə dostluq etməzdi. Heç kimlə ünsiyyət saxlamazdı. Yalnız hirslənəndə ağzını açar, onda da ədəbsiz söyüşlər söyərdi. Həmişə başıaşağı gəzərdi. Sinifdə də sonuncu partada oturardı. Çox vaxtı dərsə də gəlməzdi. Uşaqlar deyirdilər, Ağobba dayılarına haradasa ev tikməkdə kömək edir.

Səkkizinci sinifi bitirib, sənət məktəbinə getdi. Deyilənə görə, Neft Daşlarında işləmək arzusu var idi. Lakin bu da dəqiq məlumat deyildi. Çünki heç vaxt heç kimlə heç nəyi bölüşməzdi. Sonra məlum olduki, doğrudan da Neft Daşlarında işləyir. Bir müddət ondan səs-səmir çıxmadı. Dedilər 15 gün dənizdə, 15 gün evdə olur. Bir gün ümumiyyətlə, məhəllədə görünmədi. Dedilər Ağobbanı "İçəri" salıblar, yəni cibindən "şey" (nəşə) tapıblar. Beləliklə, Ağobba 2 il məhəllədə görünmədi. "İçəri"dən çıxanda heç 20 yaşı yox idi. Heç yerdə işləmirdi. Bir gün evlərinin damında əlində mıx-çəkic budka tikdiyini gördüm, axşam artıq damda göyərçin uçurdurdu. Çox aludə olmuşdu bu işə, quşbazlıq edəni əməlli-başlı xasiyyəti də dəyişmişdi. Göyərçinlər onu əməlli-başlı adam etmişdilər. Daha yerə baxmırdı, qonum-qonşuya əməlli-başlı salam verirdi.

Sonra anası öldü. Yenə başladı əvvəlki kimi yerə baxmağa və qonşularla salamlaşmamağa. Hərdən onu Təzə Bazarda taxta yeşiyin üstünə mal dırnağı qoyub satdığnı görürdüm, hərdən də yenə harasa yoxa çıxırdı. Məhəllə uşaqları deyirdilər ki, yenə "şey" satır, dırnaq sadəcə "prikrıtiyadır". 25 yaşı tamam olanda Buzovnada yaşayan bibiləri əl-ələ verib, Ağobbanı evləndirdilər. Doğma xalası qızı Tükəzi bəh-bəh ilə Buzovnadan gətirib, Ağobbaya arvad etdilər. Yaxşı yadımdadır, Ağobba bəy hamamına məni də dəvət etmişdi, hər-halda bir sinifdə oxumuşduq. Sovetskidəki hamama getdik. Yaxşıca kisələdik Ağobbanı. Vallah bədənindən bəlkə də 2 kilo çirk çıxdı. Zalımoğlu deyəsən ömründə kisələnməmişdi. Özümüzlə 2 butulka araq, kolbasa-çörək və duzlu xiyarda aparmışdıq. Hamamdan çıxanda əhvalımız çox yüksək idi, şəkil çəkdirmək qərarına gəldik. İki şəkil çəkdirdik - məhəllə uşaqları ilə bir yerdə və Ağobbanın ayrıca şəkili. Məhəllədə çadır qurmuşdular. Mən də toya getmişdim. Bir kasa boz-baş və 100 qram araq.

Bu minvalla 5-6 il keçdi. 30 yaşında Ağobbanı yenə "içəri" saldılar.. Bu dəfə uzun müddət məhəllədə görünmədi. Oğlumu məktəbə aparanda Tükəzi orada görürdüm, rəhmətlik qaynanası kimi məktəbdə xadimə işləyirdi. Həyat yoldaşım deyir ki, Tükəz

Page 8: Atılan Foto - Çərçivədəki kişi

çox zəhmətkeş qadındır, həm məktəbdə xadiməlik edir, həm də ətraf binaların mənzillərində qulluqçuluq etməklə uşağını saxlayır. Ağobbadan bir oğlu da var idi -Balahüseyn, mənim oğlumla bir sinifdə oxuyurdu. Oğlum deyirdi ki, Balahüseyn "tupoy"dur və sinifin qızları ondan iyrənir, çünki həmişə burnu fırtdığlı olur və özündən də pis iy gəlir, özü də pis-pis ana söyüşləri söyür və ədəbsiz sözlər işlədir.

Bir gün Ağobbanı yenə məhəllədə gördün, amnistiyaya düşmüşdü.Yaman qocalmışdı, beli bükülmüşdü. Hal-əhval tutduq, dedi "içəri"də onu şəkər tapıb, indi tanış axtarır ki, özünə pensiya düzəltdirsin. Bu söhbətdən bir ay keçməmiş, səhər işə gedəndə Ağobbagilin qapısında mafanın qoyulduğunu gördüm, qapıları da açıq idi. Balahüseyin tez-tez girib çıxırdı. Məndə içəri keçdim, başa düşdüm ki, Ağobba dünyasını dəyişibdir... Divarda həmin bəylik hamamından sonra onun tək çəkdirdiyi şəkili gördüm.

(c) Qələmə aldı Azər CəfərovBDU, dosent..

Page 9: Atılan Foto - Çərçivədəki kişi

* * *

“Təsəlli”Şərif Abde

- Ata, bu kişi kimdir?- Sənin baban.- Sən çəkmisən?- Hə. Çoxdan.- Neyniyək bəs, qalsın bu evə?- Yox, çıxar o divardan, evdən köçəndə özündən sonra heç nə qoymaq olmaz.

Balaca stulu sürüyüb gətirdi, cəld dirsəklənib stulun üstünə çıxdı, birtəhər şəkli asılqandan çıxara bildi.

- Hara qoyum bəs?- Elə o biri şeylərin yanına. Bir ildə ikinci köçünü yaşadığı anası əsəbi bir tonla eyni anda: “apar tulla, əşşi!”

– dedi.Oğlu çaşqın halda: - Doğurdan? – deyə sual dolu bir təəccüblə baxdı. Hələ indəyə

qədər şəklin kim olduğunu öyrənmədiyinə görə bir az əvvəl utanmışdısa da, anasının bu arzusnu indi eqoistik bir sevinclə yerinə yetirmək üçün ayaqqabılarını geyinib həyətə düşdü. Elə məharətlə qapıdan çıxdı ki, atası hiss etməsin.

Üstündən günlər keçmişdi. Qəfil ata şəkli xatırladı, hər şey məlum oldu. Sanki bədənin bütün qanı gicgahara doğru şiddətlə axırdı. Hisslərini gizlətmək xatirinə Ata rəfdən bir kitab götürdü, guya nə isə oxumaq isəyir, anlaşılmaz peşmançılıqla düşüncəyə daldı, uşağının hərəkətinə heç cür haqq qazandıra bilmirdi. Barmaqlarına ilişən köhnə üzüqabıqlı kitabı qatladı, divandaca qabar əllərinə baxa-baxa mürgülədi. Bir anlıq yuxuya getməyi ilə özünü məhkəmədə hökmünü eşidən oldu: “Cinayətin adı – Vətənə xəyanət!” Geriyə onu yuxudan oğlunun səsi qaytardı. Məyus baxışlarla: Demişdin axı, özün çəkmisən! Yenə çəkərsən”.

Page 10: Atılan Foto - Çərçivədəki kişi

* * *

Bir şəklin tarixçəsiAbuzər Cəfərov

Fatma xala sabah oğluna cehiz gələcək deyə evi yığışdırırdı. Seçdiyi bəzi köhnə əşyaları yekə bir torba götürüb içinə yığırdı. İçində özünün də anlamadığı çox gözəl bir duyğu var. Böyük əziyyətlə 14 yaşından yetim qalan oğlunun gələcək həyat yoldaşı sabah onlara cehizini yollayacaqdı. Çoxdan gözlədiyi bu hadisə baş tutacaqdı. Yox, Fatma xala yeni əşyalar həvəskarı deyildi. Onu sevindirən evinə gələcək yeni əşyalar da deyildi. Ölmədən öncə oğlunun xoşbəxt gününü görmək idi arzusu. Neçə illər idi ki, hər gecə yatmazdan öncə xəyallar qurardı oğlunun toyu haqqında, gəlininə necə qulluq edəcəyi haqqında. Adamın üstündə Allah var, oğlu həmişə olduğu kimi bu dəfə də düzgün seçim etmişdi. Anasına çox tərbiyəli, ağıllı bir gəlin gətirəcəkdi.

Fatma xala sevincək halda qədim sandığın içindəki köhnə sənədlərdən tullanılasıları seçib torbanın içinə qoydu. Bu zaman birdən Seyfulla kişinin şəkli əlinə keçdi. Bu o şəkil idi ki, 15 il bundan qabaq Seyfulla kişi öləndə bu şəkli cəmi 40 gün qonaq otağının divarından asmış, sonra onu götürüb bir də kişinin il məclisində bir günlük asmışdı və ondan sonra bir daha asmamaq şərtilə bu sandığa qoymuşdu. Deyəsən, hətta bu şəklin yerini də unutmuşdu bu illər ərzində. Oğlu Rəhman dəfələrlə bunun səbəbini soruşsa da, Fatma xala hər dəfə bir bəhanə tapırdı. Əslində, onları tək qoyub “canını qurtardığı” üçün hələ də həyat yoldaşına küskün idi.

“Sən ki, bizi atıb getdin, indi oğlunun mürvəti görməyə də layiq deyilsən” – Fatma xala uca səslə öz-özünə deyindi. Şəkli isə lazımsız sənədlər kimi torbanın içinə tulladı. Bəlkə də həqiqətən bu minvalla ərindən qisas almağı düşünürdü? Ya da bəlkə öz imkanlarına görə olacaq toydan utanırdı, ərinin görməsini istəmirdi? Bəlkə də ərinin gələcəkdə gəlini ilə dalaşmasına qulaq şahidi olmasından qorxurdu?

Artıq sandıqdakı bütün atılacaq əşyaları yığmışdı. Birdən yadına düşdü ki, oğlunun köhnəlmiş paltarlarını o gündən atmaq üçün eyvana qoyub. Gedib o paltarları da götürdü. Hələ torbada boş yer var idi. O paltarı da torbanın içinə qoyub həyətlərindən bir az aralıdakı zibil yeşiyinə tulladı. Bu zaman zibil qabının yanındakı uzaq qonşuları xəstə İbrahimi də gördü. Yazığı gəlirdi İbrahimə, həmişə ona kömək edərdi.

“İbrahim, oğlum, indicə zibil qutusuna torba atdım. İçində Rəhmanın nimdaş paltarları da var. Gör əyninə olanı varsa, götür”.

İbrahim onsuz da hər zaman paltarlarını zibil qutusundan götürərdi. Fatma xalanın bu sözləri sanki onun uduşlu lotereya bileti kimi idi. Fatma xala zibil qutularından uzaqlaşıb evə gedərkən, İbrahim də zibil qutusuna əlini uzadıb Fatma

Page 11: Atılan Foto - Çərçivədəki kişi

xalanın tulladığı yekə torbanın içini axtarmağa başladı. Səhəri gün cehizlər gələndə Fatma xalanın sevincinin həddi-hüdudu yox idi. Üç gün sonra isə toy oldu. Toy günü gəlini gətirməyə gedəndə Fatma xala sevinə - sevinə o ki var oölu ilə oynadı. Sonra hamısı maşına mindilər. Məhəllədən çıxanda maşın zibil yeiklərinin yanı ilə keçdi. Fatma xala arzusuna çatmamışdı. Oğlunu gəlin evinə yola salanlar içərisində Seyfulla kişi də var idi. Qonaq otağının divarından olmasa da, Zibil qutusunda bütün zibillərin ən üst hissəsindən Seyfulla kişi sanki “xoşbəxt ol, oğlum” deyirdi...

* * *

Bumeranq

Müzəffər Paşazadə

Külək nifrətlə əsir; yarpaqlar cəsarətlə uçuşurdu. İnsanlar qaçışır və ya fikir burulğanında boğulurdu. Qığılcım ayrılırdı yeni yandırılmış közdən. Başqa bir yerdə mürəkkəb kağızın üzərində rəqs edirdi. Həyat çox gözəl və bir o qədər də bərbad.

Və birdən zaman durdu. Artıq küləyin səsi gəlmir, yarpaq havadan asılı qalıb. Zaman sadəcə bir andan ibarət. Bu an. Bu saniyə. Bir xət üzərindəki kiçik bir nöqtə.

Elə bu an Təbrizin sərin havasında gənc bir oğlan oturub. Şahgölünü izləyir. Sanki qarşısında su deyil kədər var. Boğulduğunu hiss edir. Əslində tikinti şirkətində işləyirdi. Aylar öncə yeni bir lahiə başlanılmış, binanın ilk təməlləri atılmışdı. İki ay idi maaşları verilmirdi. Və dünən lahiyə rəhbəri yığılan bütün pulları götürüb ölkədən qaçmışdı heç kimin xəbəri olmadan. Yüzlərlə insan oyuncaq kimi istifadə edilmiş, indi bir kənarda qalmışdı. Gölün sərin havasını ciyərlərinə çəkən bu gəncdə onlardan biridi... Bəlkə də lahiə rəhbəri deyildi günahkar. İllər əvvəl oğurladığı pulların əvəzi idi bunlar...

Bax bu an Tiflisin qaranlıq küçələrin birində bir taksi sürücüsü var. Hansı ki aylardı əzyətlə işləyib pul yığır. Ailəsini güclə dolandırır, hətta yeməyindən kəsib bir miqdar pul saxlayırdı ki oğlunu müalicə etdirsin. Yarpaqların göydə donub qaldığı an iki nəfər sürücünü taksidən düşürüb, zorla əlindən bütün pullarını alıb, tək gəlir mənbəyi olan taksisini oğurlayıb qaçırdılar. Bəlkə də günahkar elə o iki gənc deyildi, taksi sürücüsünün özü idi, illər əvvəl bu maşını oğurladığı üçün bu gün günahının cəzasını çəkirdi..

Page 12: Atılan Foto - Çərçivədəki kişi

Zaman dediyimiz şeyin bu kiçik parçasında Tabrabzonda bir qocalar evincə yenicə buraya gətirilib tərk edilmiş bir ata var. Gözlərindəki kədər, üzündəki yaş, qırış əlləri... Bütün vadlığıyla anlayırdı illərdi əziyyət çəkib oğlu üçün işlədikdən sonra qocalan kimi buraya - qocalar evinə, özü kimi istifadə müddəti keşmişlərin yanına atılıb getməsinin əvəzi çıxılacaqdı səbəbkarından. Oğlu öz günahının cəzasını nə zamansa çəkəcəkdi. Bəlkə elə günahkar oğlu yox, elə özü idi. Öz günahının cəzasını çəkirdi. Axı oda ilər əvvəl öz atasını qocalar evinə yola salmışdı...

Və elə bu an bir nəfər belə bir yazı oxuyurdu: “İnsanlardan istifadə edib zibilliyə atmayın; gün gələr siz də istifadə edilib zibilliyə atılarsınız”, “hər günah öz dərin izini buraxır, vaxtı gələndə yerindən qan çıxartmaq üçün”. “İnsanlar oyuncağa çevrilir. Amma xatırlamırlar ki, onlar da nə zamansa başqalarını oyuncağa çevirmişdilər”

Və günahlar bumeranq kimidi, əvvəl-axır geri qayıdır...

* * *

Pəncərədəki baxışlar

Xanım Əliyeva

İnsanlar qəribə məxluqlardır. Onlar bəzən güya sevirlərmiş kimi davranır, sonra bir anın içində, sevgim keçdi deyərək, vaz keçir, tərk edirlər. Fərq etmir, tərk edilənlər nə qədər onlara doğma olub.

Qarabağ müharibəsi zamanı Bakıya məcburi köçkün düşmüş Şəfiqə ana da nə vaxtsa sevildiyini düşünürdü. Amma ki yox, yanılıb. Həyat yoldaşı könüllü olaraq ordu sıralarına qoşularaq, cəbhədə vuruşmağa başlamışdı ki, üstündən az müddət keçəndən sonra yoldaşının qara xəbəri gəldi. Dəhşətli ağrı idi. Həyatından çox sevdiyi şəxs şəhid olmuşdu. Düşündükcə dəli olacaq kimi gəlirdi ona. Həyatının işiğı sönmüşdü elə bil. Nə edəcəkdi? Necə yaşayacaqdı? Üstəlik də bu müharibə. Müharibə kədər, göz yaşı, ağrı-acıdan başqa nə gətirir ki insanlara. Sevdiyin insanın daha sağ olmadığına inanmaq istəmirsən. Onu hər daş-divarda, hər künc-bucaqda gəzirsən. İndicə içəri girəcək, səsini eşidəcək, üzünü görəcəksən kimi gəlir bir anlıq. Amma yox, müharibə qəddardır. O amansızca alır əlimizdən sevdiklərimizi. Ancaq müharibədən də qəddar olan bir şey var.

Page 13: Atılan Foto - Çərçivədəki kişi

O da insanlardır. İnsanların yaşaddıqları ağrını heç kim yaşada bilməz. Ən zəif yerindən vurur səni. Sonrasa bu ağrıyla baş-başa buraxır. Buraxmağı azmış kimi üstəlik tərk edib, gedir.

Yoldaşını itirdikdən sonra Şəfiqə ana bir müddət iki övladıyla hal-hazırda işğal olunmuş dədə-baba yurdunda qaldıqdan sonra onları da digərləri kimi təxliyyə etdilər. Oradan çarəsiz, əlində qara qəpiyi olmadan, ac, susuz, əlinin altına nə keçdisə boğçasına yığaraq, Bakıya gəlmişdilər. O, bilmirdi ki, pis günlər hələ qabaqdadır, həyat hələ ona hansı xoş olmayan sürprizlər hazırlayır. Bakıya gəldikdən sonra Bakıda boş qalmış, az qala xarabalığa çevrilən məktəb, uşaq bağçası, kitabxana, poçt məntəqələrini tutaraq, orda məskunlaşan digər məcburi köçkünlər kimi Şəfiqə ana da köhnə, çoxdan baxımsız qalmış, Sovet ittifaqı zamanı uşaq bağçası kimi fəaliyyət göstərən yerdə məskunlaşmaq məcburiyyətində qaldı. Həmin bu yeri onlar digər bir ailə ilə bölməli oldular. Şəfiqə ana kimi məcburi köçkün düşmüş, beş uşağa sahib olan ailənin də güzaranı çox pis idi. Ancaq onlardan fərqli olaraq, müharibədən öncə Bakıya köçmüş qohumları olduğundan, bir müddət sonra bu ailənin vəziyyəti yaxşılaşmağa doğru getdi. Bircə Şəfiqə anadan başqa. İki övladıyla balaca, bir otaqlı daxmaya sığışaraq, yayda istidən bişir, qışdasa soyuqdan büzüşən, bir-birinə sığınaraq, qızışmağa çalışan bu üç insan müharibə adlanan birinci cəhənnəmdən çıxıb, qaçqın həyatı deyilən ikinci cəhənnəmə düşmüşdülər.

İlk gəldiklərində uzun müddət səfalət içində yaşamaq məcburiyyətində qaldılar. Doxsanıncı illərin əvvəlləri nəinki məcburi köçkünlər, hətta məcburi köçkün olmayan insanlar belə əziyyət çəkirdilər. Sovet ittifaqının təzəcə dağıldığı, işsizliyin, xaosun baş aldığı bir dövrdə hansı yaxşı vəziyyətdən danışmaq olardı ki? Şəfiqə ana istənilən işin qulpundan yapışıb, övladlarını çörəksiz buraxmaq istəmir, onların məktəbdə təhsillərini davam etdirməsi, məktəbi bitirdikdən sonra ali savad alması üçün çalışırdı. Ana üçün bu istəkdən daha normal nə ola bilər. Bir müddət ordan, burdan tapdıqları ilə dolanan, axşam qaranlıq düşdükdən sonra heç kim görməsin deyə, zibilliklərdə eşələnərək nəsə tapıb, övladlarına gətirmək üçün küçələrə çıxırdı Şəfiqə ana. Maşın yağından hazırlanan çörək yemək o qədər iyrənc və qorxulu idi ki, iyi az qala yuxu da belə burnundan getmirdi. Saatlarla növbədə gözləmək, çörəyin çatacağına ümid etmək, çox vaxt az qala bütün günü ac qalmaqla keçirdi günləri. Şəfiqə ananın bir qızı və bir oğlu vardı. Uşaqlar 12-14 yaşları olardı. Yenicə məktəbə düzəlmiş, yenicə bu həyata öyrəşməyə başlamışdılar. Şəfiqə ana əvvəlcə müəssisələrin birində xadimə işinə düzəlir, lakin müdirin şorgöz və əclaf birisi olduğunu biləndən sonra işdən ayrılmaq məcburiyyətində qalır. Müdirin ona pul qarşılığında intim təklif etməsi, hər fürsətdə ona toxunmaq istəməsi onu bezdirmişdi. Bəzi kişi cinsinin nümayəndələri həqiqətən də bu qədər iyrənc xislətə malikdirlər. Əsasən də qadının boşanmış və ya dul olduqlarını öyrəndikdən sonra onların ehtirasları bir az da cuşə gəlir. Qadının bir az yaraşıqlı olması onların ehtiraslarını lap pik nöqtəsinə gətirir. Namusuna toxunmağa imkan vermədən

Page 14: Atılan Foto - Çərçivədəki kişi

oranı tərk edib, başqa iş axtarmağa başladı. Ali təhsilli olmasına baxmayaraq, bu vaxtlarda ali təhsilə baxan kim idi. Hər kəs çörək pulunun dalıyca səhər çıxır axşam qayıdırdı. Bəzən düşünürəm, məgər indi nəsə dəyişib? Müharibə şəraitində olmağımız üstündən iyirmi il keçməsinə baxmayaraq, hələ də davam edir. Uzun sözün qısası başınızı nə ağrıdım. Evlərini bölüşdükləri digər məcburi köçkünlərin qohumları Şəfiqə xanımın ağır vəziyyətindən sarsıldıqlarından onu orta məktəblərin birinə xadimə düzəltdilər. Sonra Şəfiqə ana xadiməlikdən məktəb qapısının nəzarətçisinə çevrildi.

Təqaüdə çıxana qədər bu məktəbdə can qoymuş, hamının dərin hörmətini qazanmış Şəfiqə ana təqaüdə çıxdıqdan sonra övladlarının birinin evində qocalıq günlərini keçirtmək fikrindəydi. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Fələk isə elə saymışdı ki, Şəfiqə ana bu hesabatda nə qədər çalışsa da, baş çıxarda bilməyəcəkdi. Əvvəlcə oğlunun evinə köçdükdən bir müddət sonra oğlu və oğlunun həyat yoldaşı tərəfindən soyuq münasibət görür, tez-tez danlanılır, balaca uşaq kimi məzəmmət edilirdi. Gözləri zəiflədiyindən el arasında mirvari su deyilən katarakta xəstəliyinə tutulmuşdu. Bu xəstəlik gözləri görmək qabiliyyətindən məhrum edir, əgər vaxtında əməliyyat etdirilməsə sonra korluğa belə gətirə bilir. Oğlu onu bir şərtlə əməliyyat etməyə razı oldu. Əməliyyatdan sonra anası onun evini tərk edəcəkdi. Şəfiqə ana razılaşmaq məcburiyyətində qaldı. Əməliyyatdan sonra qızının evinə köçmək istəyirdi. Əməliyyatı isə uzun illər yığdığı pensiyasının hesabına etdirdi. Amma bu arzusu da ürəyində qaldı. Oğlu bacısına anasını onlara gətirəcəyini və bundan sonra anası onlarda yaşayacağını bildirdikdən sonra qızı elə bir etiraz, elə bir səs-küy salmışdı ki, qızının səsi telefonun səsgücləndiricisindən belə Şəfiqə ananın qulağına çatmışdı. Həmin gecə Şəfiqə ana çox ağladı. Övladlarınn belə qəddarlıq edəcəyini gözləməzdi. Axı o, həyatını övladlarına həsr etmişdi. Bəzi qadınlar kimi o da övladlarını internata verərək, yenidən ailə qura bilərdi. Amma o bunu etməmişdi. Yad kişinin övladlarına necə yanaşacağını düşünərək, dul qalmağı üstün tutmuşdu. Bütün yaşanmış həyat gözlərinin önündən keçir, ona elə bil bıçaq kimi saplanırdı. Onun bir çarəsi vardı. O da ki, ahıllar evinə yerləşmək idi. Son dəfə oğlundan bunu onun üçün düzəltmək və onu ora yerləşdirməyi xahiş etmişdi. Oğlu bu xahişi elə sevinclə, elə şadyanalıqla yerinə yetirməyə razılaşdı ki, elə bil onu işində vəzifəsini artırmışdılar. Nəvələri balaca olduqlarından heç nə anlamır, nənələrinin onları tərk etməyini istəmirdilər. Nənələri evi tərk edəndə nənələri ilə ağlaşıb, həttə nəvələrindən biri arxasıyca çıxaraq maşının dalıyca qaçmışdı. İllər sonra atalarının nənələrini ahıllar evinə yerləşdirdiklərini eşidincə utanacaqdırlarmı, yoxsa onlar da ataları kimi ana və atasını vaxtı gəlincə öz əlləri ilə ahıllar evinə yerləşdirəcəkdilər?! Bunu artıq həyat göstərəcəkdi.

Ahıllar evinə yerləşdirildikdən sonra Şəfiqə ananın həyatına sükut çökmüşdü. Əgər ilk dəfə gənckən həyat yoldaşını itirdikdən sonra həyat işığı sönmüşdüsə, bu səfər övladlarının qəddarlığından sonra ikinci dəfə həyat işiğı sönmüşdü. Bu səfər o ahıllar

Page 15: Atılan Foto - Çərçivədəki kişi

evində onun üçün ayrılmış bir otaqda tək-tənha idi. İllər sonra əgər ona bunu desəydilər əlbəttə ki, inanmazdı. Çox vaxt başımıza gələnlər bizə pis yuxu kimi gəlir. Bu yuxudan nə vaxt oynacağımızı gözləyirik. Və birdən anlayırıq ki, biz bu qorxulu yuxudan yalnız öldükdən sonra oyanacağıq. Şəfiqə ana yerləşdirildiyi otağın pəncərəsindən tez-tez küçəyə baxır, bəlkə bir gün övlarları, nəvələri ilə ona baş çəkməyə gələcəyi günü gözləyir. Axı ümid sonuncu ölür. Hətta biz öldükdən sonra belə o qalır, bəlkə də ölür, yox yəqin ki, qalır. Qoca ananın gözlərində canlanan xatirələr, kobudlaşmış əllərində nə vaxtsa isinən övlad nəfəsi, saatlarca ayaq üstündə durmaqdan şişmiş ayaqları, illərin belə silə bilmədiyi təbəssüm bu qadının nə qədər güclü, iradəli, xəsarətli biri olduğuna sübutdur.

“İnsanların vaxtı bitənədək istifadə edib zibilliyə atmayın!”. Unutmayın vaxt keçər, atdığınız zibilliyə özünüz də atıla bilərsiniz. Həyat bumeranqdır nə vaxtsa havaya atdığımız və atdığımız kimi unutduğumuz, bumeranq gün gələr atıldığı qüvvəylə elə dəyər ki, bəlkə də o vaxt biz özümüzə gətirə bilər. Amma çətin ...

* * *

Qış gecəsi

Suğra Cəfərova

Bir qış gecəsi idi. Gözlənilmədən onun sancıları vaxtından tez başlamışdı. Evdə isə sadəcə yaşlı vardı. Yaşlar içində olan gözlərini silərək, “Nə olar, qalx, mən xəstəxanaya getməliyəm” hıçqırırdı. Kişinin qulağı da yaxşı eşitmədiyi üçün bir az o vəziyyətdə əliylə toxunaraq qaldırmağa çalışdı. İki saat sonra içərisi soyuğun kəsdiyi buz kimi olan bir otaqda hər yeri isidə biləcək bir kiçik körpə səsləri eşidilməyə başladı. Elə ən böyük dəyişikliklərin də o andan başladığını kimsə bilmirdi. Zaman sadəcə uçurdu. Kaş ki yaşanan o zorluqlarda bu cür “uçmağ”ı bacarardı. Yaşlı baba günlərin birində odun gətirərkən qarlı yolda yıxıldıqdan bir həftə sonra vəfat etdi. Vəfatında bir ad gününə gələcək insanlar qədər heç insan gəlməmişdi.. Hər şey 40 günlə başladı.

Yazın açılmasını, tarlaların becərilməsini bir O, bir də dimdiyindəki yeməyin soyuq külək üzündən düşdüyünü yaşayan sərçələr istəyirdi..

Page 16: Atılan Foto - Çərçivədəki kişi

Bir zaman kiçik səsləri çıxaran yetimxanada böyümüş qızın yaşı artıq 18 idi. Həftə sonları anası mütləq onun yanına gedərdi. Başqalarınkı kimi birdəfəlik atmadığı üçün sevincli olmuşdu o yuvada da. O artıq həyatı anlayacaq yaşda idi. O axşamkı görüşə geyinəcəyi paltarın sökülmüş yerini tikməyə sap axtardığında, çəkməçidə əlinə bəzi şəkillər keçdi. Leva divardan üzünə baxan adamın bənzəri olan 30-40 yaşlarındakı kişinin şəklinə diqqətlə baxmağa başladı. Bənzəyirdi, amma o deyildi. Tez divardakı rəsmi götürərək üzünə baxdığında şəkil çərçivəsinin arasından bir kağız düşdü. Evlərində kif olduğuna görə çərçivədə qalsa da, rəngi dəyişmiş kağızı tələsik şəkildə açdığında bunlar var idi. “Xəttimin pis olmasına görə yox, amma illər boyunca divardakı adamın baban olduğunu dediyimə görə bağışla. O sənin baban yox, əslində öz atandır. Atanla evlənib onun evinə gəlin köçdükdən bir il sonra şəhərə getdiyi qatarda davada öldürülmüşdür. Sonra da gedəcəyim yer olmadığından illərlə o daxmada gəlin olaraq, sonra isə daxmanın xanımı olaraq. Bunu sənə söyləməyə nə cəsarət tapdım, nə də ki səni vaxtında evdə tapa bildim. Çünki gecələri sabaha doğru gəldiyindən bir birimizi görüb nəyisə deməyə gücüm yox idi”.

Oxuduqca daxilində, nifrəti, peşmançılıqları, hər dəfə küçədə müştərilər gözlədiyində, ATAM olsaydı bunu yaşamazdım dediyi cümlələrini xatırladı. Ayağa qalxıb şəkillərin hamısını götürüb “Qoca əclaf, sənin yerin divardan mənə baxacağın yer yox, sənin yerin zibillikdəki o dəmir yeşiklərdir deyib” evdən çıxdı.. Anam bütün həyatını sənin nakişiliyinə görə bir yuva qurub, xoşbəxtlər arasına qatılmadı. Sənin kimi bir əclafa yenidən rast gəlməmək üçün.

Page 17: Atılan Foto - Çərçivədəki kişi

* * *

Zibilqabında Dəfn

Sübhan Qənbər

Bu portretdəki qazinin mina aparmış ayaqları artıq neçə ildir ki, vətən deyə döyüşdüyü torpaqları çürüyüb, münbitləşdirir. İndi əsarətdə olan torpaqları... Müharibədən sonrasa düzəldə bilmədiyi bir neçə sənədin yollarında məhv oldu. Bir gün sevimli arvadı - indi parklarda çörəkpulu qazanmaq üçün süpürgəçi işləyən Minə xala - onu bu yoldan keçirərkən ayağı büdrəmiş, yoldaşının əyləşdiyi əlil arabası əlindən çıxmış, qara maşın karvanının içinə qərq olmuşdu. O gündən sonra Minə xalanın bu çərçivədəki şəkildən və süpürgəsindən başqa heç nəyi, heç kimi qalmamışdı. Evləri buldozerin qabağında kürünəndən bu günə qədər küçələrdə, parklardakı skamyalarda gecələyirdi. Qazandığı 5-3 qəpik pulun yarıdan çoxunu da polislər əlindən alar, özünü isə söyər, təhqir edərdilər. Yazıq arvad hər şeyə rəğmən, köksündəki vətən dağı ilə - vətənin ona çəkdiyi dağ ilə - yaşayırdı. Gündüzləri portreti bir ağaca söykəyər, süpürgəsi ilə bu qəddar şəhərin köksünü sığallayardı. Arada gözü ərinin şəklinə sataşan kimi donub qalar, dərindən ah çəkib deyərdi:

- Hardasan ay canı çıxmış, gəl gör sənin vətənüvin nə cəlalı var...

O, artıq 55 yaşında beli bükük, alnı qırışmış, əlləri əsən, böyrəkləri, ciyəri bir gecəlik şaxtaya belə dözəcək gücdə olmayan bir qarı idi. Arıqlamış, yanaqları batmış, gözləri sifətindəki çuxurda itmişdi. Saçları da süpürgəsi kimi seyrəlmişdi. Nə hörükləri qalmışdı, nə də süpürgəsində tel. Ömrünün qalan günləri də o tellər kimi sayılacaq qədər azalmışdı...

Bir gün Minə xala yenə işləyirdi və yenə əri ağacın dibindəki çərçivədən ona baxırdı. Bu gün külək daha şıltaq, zibil daha çox idi... Nəfəsini dərmək üçün oturdu Minə xala, süpürgəsini yanına söykəmişdi. Ac, susuz idi. Taqəti yox idi cibindəki quru çörəyi, yarım butulka suyu çıxartmağa. Gözlərinə qaranlıq çökdüyünü hiss edirdi. Dirsəklənib birtəhər böyrü üstə skamyaya uzandı. Hiss etmişdi bu şəhərdən alacağı bir neçə udum havadan başqa heç nəyin qalmadığını. Ağaca söykədiyi şəkil yadına düşdü. Gilələnən gözyaşının son damlalarının soyuqluğunu yanaqlarında hiss edirdi. Dodaqları qurumuşdu, xırıltı nəfəsi boğazından güclə çıxırdı. Külək də ağlayırdı, hirsindən onun bayaqdan topladığı zibilləri göyə sovurur, bulvardakı bayrağı şiddətlə döyəcləyərək, gətirib bu bədbəxt qarının üstünə örtmək istəyirdi, sanki. Ölürdü Minə xala, soyuq havadan daha bir udum ciyərlərinə çəkdi, amma o havanı bir daha Bakıya qaytarmadı. Budur, artıq bayraqdan qalan təkcə dirəyidir. Rəngli parçaları isə Xəzərin dalğaları ilə

Page 18: Atılan Foto - Çərçivədəki kişi

güləşir. Yaxınlıqda pəncərəsi açıq dayanmış maşının radiosundan Müslüm Maqomayevin "Ey əziz anam, Azərbaycan" mahnısının səsi eşidilir...

Bu vətən sizi çox ucuz öldürdü Minə xala. Bu vətən uddu, ərini də, səni də... İndi səndən bu vətənə bir süpürgə qalıb, bir də qəhrəman ərinin indi zibilqabına atılan portreti.

* * *

Onlar darıxmırlar bəs?

Şəkər Rza

Gecə yarı pəncərəmə düşən qəribə işıqlara ayıldım. Oyandığımda aşağıdan qəribə səslər gəlirdi. Danışıq səsi deyildi, sadəcə addım səsləri. Qorxa-qorxa pilləkənləri düşdüm. Otağıma düşən işıq təcili yardım maşınının işığı imiş. Anam, bacım, əmim dəhlizdə idilər. Əmimin gecə yarı bizdə olmağına çox təəcübləndim. Atam isə xərəkdə idi. Üzündən ağrı çəkdiyi hiss olunurdu. Sağ əli xərəyin qırağında idi. İstədim gedim öpüm, sağollaşım. Onu nə qədər çox istədiyimi bildirim, amma cəsarətim çatmadı. İncitməkdən də qorxdum. Apardılar onu...

O gecə həyatımın ən ağır gecəsi oldu. Səhərə yaxşı olar fikirləşirdik. Bundan əvvəl də infakt keçirtmişdi. Həm o atadı, hamıdan güclü, hər şeyə çiyin gələn. Amma səhər xoş xəbər gəlmədi. Bir telefon zəngi ilə hər şey alt-üst oldu. Çalmaz olaydı o zəng.

Bu dəfə altından qalxa bilmədi atam. Getdi. Bizi tərk etdi. Məni - balaca qızını tərk etdi. 5 il keçsə də hələ də darıxıram. Onunçun çox darıxıram. Kiminsə köhnə şəkli atdığını görəndə fikirləşirəm - onlar darıxmırlar bəs?

* * *

Page 19: Atılan Foto - Çərçivədəki kişi

İstifadə müddəti bitmiş şəkil

Sənubər Heydərova

1.

Mən gözümü açandan o şəkil xalçanın üstündən asılmışdı. Nənəm də elə o xalçanın altındakı divanda yatırdı. O, şəkildən çox evdəki aksessuarlardan biri idi. Xalçanı çırpmaq lazım olanda nənəm onu çıxarıb sonra yenə yerinə asardı. Bu zaman nə ah çəkərdi, nə gözləri dolardı.

İllərlə evdə dəyişiklik etmək istəyən anam nənəmin qırxının çıxmasını səbrlə gözləyib atamdan simvolik icazə aldı və qollarını çırmaladı.

2.

“İncəsənət”in 2-ci kursunda oxuyanda uşaqlarla kiçik bir tamaşa qoymalı idik. Hərəmiz evdən bir şey gətirirdik səhnəni qurmaqçün. Mən də çardaqda “lazımlı əşya” axtarışı zamanı onu gördüm. Ssenariyə uyğun detal tapdığıma sevindim. Anam guya zorla razı oldu, sonra qaytarmağımı və atama heç nə deməməyimi tapşırdı.

3.

Tamaşamız alındı, müəllimlərimiz bizi həvəsləndirməkçün təriflədilər, biz də doğurdan həvəsləndik: guya fədakarlıq edib gətirdiyimiz əşyaları evə qaytarmadıq, onları gələcək tamaşalarımıza və aşağı kursların tələbələrinə ərmağan etdik ki, bizimki kimi “uğurlu” tamaşalar qoyanda çətinlik çəkməsinlər.

İki il sonra akt zalına başımı salıb tələbə yoldaşımı axtaranda şəkli səhnədə gördüm. Qara örpəkli bir qız qarşısında diz çöküb ah-nalə edirdi. İkinci kurslara 20 Yanvarla bağlı tamaşa qoymaq tapşırığı verilmişdi. Nənəmin sözlərini xatırladım: “Nakam gedən balam”. Gülmək tutdu məni. Fikirləşdim, budur, gec də olsa, kamına çatdı.

4.

O axşam qızlarla Oda Teatrına getmişdik. Gənc həvəskar aktyorların yaratdığı balaca teatrdı. Tamaşadan çıxıb danışa-gülə gedəndə qəfil tanış üz gördüm. Zibilliyin zirvəsindən həmən şəkil baxırdı. 8 il keçmişdi kam söhbətindən.

Qızlara bunun əmimin şəkli olduğunu deməyə utanırdım. Şəkildən də utanırdım.

Dayanıb baxırdım, nə edəcəyimi bilmirdim..

* * *

Page 20: Atılan Foto - Çərçivədəki kişi

Qəlblərdən...zibilliyə...Nərgiz Qədirli

Səhər işə gedərkən, yaxınlıqdakı zibil qutularının birində gözümə iri bir portret sataşdı.. Yaxınlaşıb diqqət etdim, bu bizim məhəllənin sevilən, xeyirxah və çox zəngin olmasa da, xeyriyyəçiliyi ilə tanınan Rəşid bəyi idi.. Ehtiyacı olanlara əl tutar, hər kəsə arxa dirək olub, heç kəsdən köməyini əsirgəməzdi.. O Rəşid bəy ki, indi zibilxanaya lazımsız bir əşya tək atılmışdı..

Bir il olardı ki, dünyasını dəyişmişdi.. Oğlu Almaniyada təhsil almış, elə orada da məskən salmışdı.. Deyilənə görə ölümündən sonra oğlu buralara bir daha gəlməyi düşünmədiyindən ata evini də satıb, lazımlı əşyalarını alaraq getmişdi..Görünən o ki, o, heç evin yeni sakinlərinə də lazım olmamışdı.. Və yır-yığış zamanı atılmışdı..

Beləliklə, bir zamanlar hər kəsin lazımı olan Rəşid bəy beləcə lazımlaşmışdı.Bu düşüncələrlə iş yerimə, redaksiyaya çatdım.. Masa arxasına keçib bu günki Rəşid bəydən bir məqalə yazmaq üçün ard-arda cümlələr qurmağa başladım.. Sonu belə bitirəcəkdim..-"Rəşid bəy! Əgər sən öz əməllərinlə lazım olduğun insanların qəlbində yer tapa bilmədinsə, onlar səni zibil qutusuna atdılarsa.. Bu zibil qutuları səni qəbul edəcək qədər o qəlblərdən daha təmizdir..!"

Birdən redaksiyanın qapısı açıldı, mənimlə universiteti bir oxumuş Mehman içəri girdi.. Əlində də Rəşid bəyin portreti..

- İlqar, bu sənin universitetdə bir illik təhsil haqqını ödəyən Rəşid bəy deyilmi..?!

Page 21: Atılan Foto - Çərçivədəki kişi

* * *

Adsız

Fəridə Məmmədova

Dördüncü kursda oxuyurduq. 4 nömrəli xəstəxanada (sarayın arxası, kəndçilər xəstəxanası adlandırılan yer) sarğı otağına bizim yaşlarda bir qız gəldi. Adını təəssüf ki, xatırlaya bilmirəm, bəlkə də Aygün idi. Nə üçünsə mənə elə gəlir ki, adı məhz belə idi. Hə, yaşlı bir qadın və ortayaşlı bir kişinin köməyi ilə içəri keçib oturdu, ayağını uzatdı. Topuqdan bir azca yuxarıdan amputasiya olunmuşdu ayağı. Heç cürə xatırlaya bilmirəm yenə sağ ayağı idi ya sol. Sarğını açıb yarasını işlədikcə, qızın səssizcə yalnız üz mimikaları ilə acısını ifadə şəkli məni dəhşətə gətirdi. Gözünün qabağında ayağını topuqdan aşağı kəsib atıblar və yaranı yuyur, sarıyırlar, sənsə ağrıdan qışqırmaqdan utanırsan. Bəlkə də içəridəki xalatlı qızların hamısı həmyaşıdı olduğu üçün utanırdı, ya da ağrımağı qüruruna sığışdırmırdı. Bilmirəm.

Bir həftəyə qədər həmin şöbədə olduq və hər dəfə yarasını təmizlədib sarıtmaqçün gələndə Aygünə (bəlkə də adı fərqli idi) yaxınlaşır, söhbət etməyə çalışırdım. Danışmağa elə də həvəsli deyildi. Mən isə əl çəkmirdim.

Bir dəfə dərsə gecikmişdim, həkimimizin danlayacağını, dərsə buraxmayacağını bildiyim üçün həyətin arxa tərəfində skamyada oturub balaca, lil basmış hovuzdakı qırmızı balıqlara baxır, bir ikisini oğurlamaq istəyi keçirirdim beynimdən. Bir də baxdım ki, anası ilə Aygün gəlir. Artıq köhnə tanış sayıldığımız üçün onlara baxıb gülümsədim. Skamyaya yaxınlaşıb oturdular. Anası həkimlə danışmaq istədiyini dedi. Hələ əməliyyatdadır. Onu gözləyək biraz. Mən də bu fürsəti gözləyirdim sanki, dilotu yemiş kimi havadan-sudan, həkimdən-dərsdən danışıb, arabir də onlara suallar verirdim. Məlum oldu ki, Aygüngil qaçqındırlar. Bakıdakı yataqxanalardan birində məskunlaşıblar. Şuşadan qaçqın düşən soydaşlarımızdandırlar. O qarlı, qanlı, amansız gecədən sağ qalmışlardan. Soyuq və şaxta vurubmuş o vaxt körpəni, ayaqlarında yaş ötdükcə bununla əlaqədar problem yaranıb və axırda da amputasiya səviyyəsinə çatıb. Aygünü o qanın-qadanın içindən, qarda-çovğunda sağ gətirib Bakıya çatdıran ayağını iyirmi il sonra həkimlər kəsib zibil qutusuna tullayıblar. Mənə maraqlı gəlirdi bu əhvalat, amma sonralar haqqında düşündükcə yalnız ağrı duyuram. Elə bil Aygünün zibil qabına kəsilib atılmış ayağı kimi ağrıyıram və bu ağrını kimsə duymur, hiss etmir! Heç Aygünün özü də..

Anası qaldıqları şəraitsizlikdən, ev-torpaq, ata-baba dərdindən danışdı elə hey. Dedi ki, yataqxanada uçub başımıza tökülür divarlar az qala. Qışda pəncərənin şüşəsiz çərçivələrinə sellofan, ya da karton qırıqları tuturuq ki, soyuğu saxlasın. Sonra gülə-gülə

Page 22: Atılan Foto - Çərçivədəki kişi

dedi ki, uşaqlar yataqxanadan hardansa köhnə kişi portreti tapıblar, çərçivəyə onu tutmuşuq. Qaynanam indi alzhaymer xəstəsidi. Tez-tez yaddaşı gedib-gəlir. Belə hallarda gedir şəkli açır oradan pəncərədən, gətirir taxtın üstündə qoyur, baxır, deyir ki ərinin şəklidi guya. Bizə əsəbləşir şəkli oradan asdığımıza görə. Bir də gördün aparır atır zibilliyə şəkli. Neçə dəfə qonşular özümüz zibil qutusundan tapıb gətirmişik o portreti evə.

Mən nənənin əri haqda soruşdum, qadın dedi ki qaçqınlıq vaxtı qaynatam bizlə gəlməmişdi, bilmirik heç necə oldu sonra. Öldü, ya əsir düşdü.

Sonra durub getdilər. Mən də dərsə getdim. Sonra illər keçdi.

Bayaq o şəkli görəndə dedim ki, bəlkə də elə Aygünün anasının danışdığı hekayədəki portretdi o şəkil. Bəlkə pəncərələrinə şüşə salıblar daha şəkil lazım deyil deyə atılıb. Ya da bəlkə elə alzhaymer xəstəsi olan nənə gətirib atıb gedib..

Bu əhvalatda hər şey həqiqətdi. Bircə Aygünün adını bilmirəm, dəqiq. Bəlkə Aygün deyil heç.. Bir də bəlkə də heç o şəkil də Aygünün anasının haqqında danışdığı şəkil deyildi. Amma bu şəkil də zibil qabına atılmamışdan əvvəl həyatda idi, dəqiq bilirəm, ən az Aygünün ayağı qədər... Elə ayaq kimi soyuqdan, yağışdan da qorumuşdu. Hətta zibil qabına atılana qədər ... Bilirsiz, zibil qutularında o qədər həyat əlamətləri var ki...

Page 23: Atılan Foto - Çərçivədəki kişi

* * *

Something about ....

Bəhruz Rzayev

I have watched them ― all of them ― as they fell, one by one. I even heard her voice, one last time. I saw his eyes, before losing sight of him altogether. I have known howling wind, dust, rain, dirty hands. I have known the jaws that bite and the claws that scratch, just as the famous poet writes. 

It was on that dreadful, albeit limpid, January morning when they brought in his limp body. “They murdered him... they murdered him....” She kept murmuring in disbelief, as she dragged her wreck of a self into the next room. I remember staring hard at that charming cadaver ― for, unlike her, I had no choice, you see. My sorrow was so intense that the glass in front of me cracked. I had gotten so used to watching him walking about in this house, and never imagined such a day would come.

“What happened?” I heard her voice from within, startled out of her sorrowful trance by my glass. I could not tell her anything. He walked in.  “Looks like this picture frame broke,” he said in a hurried, tired voice. “Don’t worry about it; we’ll take care of it later. Something smells bad in here...” all I could focus on was his wane smile. One last sight, before they drag it away...

I took a moment to take in the scene, now with a fresh breath of air. He was killed today, and tomorrow, I go too ― the last one.

Page 24: Atılan Foto - Çərçivədəki kişi

* * *

Şəkillər ömürdən qalar yadigar, Ömür ötüb keçər, şəkillər qalar

© M. ƏhmədovKəmalə Camalova

Zeynal kişini kənddə hamı hörmətli, varlı, xeyirxah bir insane kimi tanıyırdı. Var-dövlətini də halal yolla qazanmışdı. Hamıya əl tutar, kömək edərdi. Kənddə kimsə ev tikdirəndə, ya ona bir maşın daş gətizdirər, ya da sementini alardı. Tapdıq kişinin evi tikiləndə ona da kömək etmişdi. Ustasının pulunu vermişdi, körpə uşaqlarına əyin-baş almışdı. Tapdiq kişi kənddə su cuvarı işləyirdi, ailəsini çətinliklə dolandırırdı.

İllər sürətlə ötüb-keçdi. Tapdıq kişinin böyük oğlu Rasim şəhərdə fotoqraf peşəsinə yiyələnib qayıtmışdı. Qayıdıb gələndən sonra kənddə, bir toy məclisində Zeynal kişinin tək şklini çəkib böyütdürdü, çərçivəyə salıb ona hədiyyə etdi.

Zeynal kişinin böyük gəlini Rüxsarə çoxbilmiş qadın idi. Qaynatasına xoş getsin deyə, şəkli evin lap yuxarı başından asdı. Aradan 10 il də keçdi. Zeynal kişi arvadının vəfatından sonra yatağa düşdü. Günlərcə yemək yemədi, içmədi. Bir dəri, bir sümük qalmışdı. Nəvələri onun yatdığı otağa girmirdilər. Onun saralmış bənizindən qorxub diksinirdilər. Gecənin birində Zeynal kişi canını tapşırdı. Yas mağarından asmaq üçün kişinin şəklini istədilər. Gəlin evin yuxarı başından asılmış şəkli açıb verdi. Qırx gün mağar qurulu qaldı, gələn-gedən çox oldu. Gəlin qaynatasını atam deyib oxşadı, ağladı. Mağar söküləndə şəkli Rüxsaraya qaytardılar. O şəkli alıb yerinə asmadı. Həyətin aşağısında tikilmiş anbara qoydu.

Zeynal kişinin ölümündən bir il keçdi. Nəvə Zeynalın toyuna hazırlıqlar görülürdü. Bütün həyət-bacanı, eləcə də anbarı dərindən yığışdırırdılar. Köhnə əşyalarla bərabər gəlin qaynatasına məxsus əşyaları və şəklini də zibilliyə tulladı. Təkcə bir pencəyi qaldı, onu da oğlu güclə saxladı. Şəkli zibil qutusunda görən kənd camaatı bərk təəssüfləndi. Zibil maşınının sürücüsü Tapdıq kişinin kiçik oğlu Qasım idi. O, şəkli görüb tanıdı, böyük ehtiramla onu götürüb təmizlədi və evə aparıb qoca atasına göstərdi. Atası hadisəni eşidib doluxsundu, qəhər boğazını kəsdi.

Bir gün sonra Rüxsarə ərinin evdə olmadığını fürsət bilib kişinin evdə qalan yeganə əşyasını pencəyini də atmaq qərarına gəldi. Yaxasındakı ordeni çıxartmaq istəyəndə gördü ki, açılmır. Baxdı ki, lap dərindən sancaqlanıb. Birtəhər sancağı açdı. Bu zaman pencəyin iç cibindən saralmış bir kağız parçası düşdü. Gəlin tez açıb oxudu: Ruxsarə, qızım, oğlum çox səhlənkardır, bilirəm. Ele ona görə də bu kağızı sənə yazıram. Gün gələcək mən həyatda olmayacağam. Hamınıza köməyim dəyib, sizing

Page 25: Atılan Foto - Çərçivədəki kişi

üçün nəsə etmişəm. Nəvəm Zeynal üçün şəklimin arxasında kifayət qədər pul saxlamışam. O pula nəvəmin nişanlısı üçün qır-qızıl alarsan.

Ruxsaranın başına elə bil bir qazan qaynar su tökdülər. Birdən nə düçündüsə, tez küçəyə qaçdı. Zibil qutuları qoyulan yerə qədər nəfəsini dərmədən qaçdı. Ora çatanda gördüyü mənzərədən dili qurudu. Zibil maşını hər səhər olduğu kimi bu səhər də zibilləri aparmışdı. Ruxsarə nə biləydi ki, onun bəyənməyib lazımsız əşya kimi atdığı şəkil iki ev aşağıda Tapdıq kişinin evində asılmışdı.

SON