respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “həyat...
TRANSCRIPT
Respublikanın ümumtəhsil məktəblərinin
6-cı sinifləri üçün “Həyat bilgisi” dərslik komplekti
Müəllif: Nüşabə Məmmədova
Bakı: Şərq-Qərb, 2013.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında
hazırlanmış
YEKUN RƏY
2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından.
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslik “Mündəricat”, “Mənim mənəvi aləmim”, “Dövlətimə arxalanıram”,
“Cansızdan canlıya”, “Təhlükəsiz həyat” bölmələri üzrə 23 mövzunu əhatə edir.
Dərslik komplektində 4 məzmun xətti üzrə əsas və alt standartların
reallaşdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına1 görə,
fənnin tədrisi üçün həftədə 1 saat olmaqla, 32 saat vaxt ayrılmışdır. Təbii ki,
dərslikdəki materiallar da buna uyğun olmalıdır. Lakin dərslikdə 23 mövzu var.
Sonuncu mövzunun tədrisi üçün 2 saat nəzərdə tutulmuş, qalan 8 saatın istifadə
olunması isə “Müəllim üçün metodik vəsait”in 7–8-ci səhifələrində verilmiş “Tematik
planlaşdırma” cədvəlində belə tövsiyə edilmişdir:
Kiçik summativ qiymətləndirmə – 6 saat
Böyük summativ qiymətləndirmə – 2 saat
Yarımillər üzrə 2 böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi heç bir
mübahisə doğurmur. Lakin cəmi 32 saatlıq dərs həcmi çərçivəsində əlavə olaraq 6
saatın da kiçik summativ qiymətləndirmə (KSQ) üçün tövsiyə olunması
məqsədəmüvafiq hesab edilmir.
Dərslik yaradıcılığında ən önəmli məsələlərdən biri təlim materiallarının pedaqoji
prinsiplərə uyğun ardıcıllıqla düzülməsidir. Belə ki, məzmun baxımından ardıcıllıq
tədris vahidlərinin və mövzuların sadədən-mürəkkəbə doğru sıralanmasını, tematik
1 http://edu.gov.az/view.php?lang=az&menu=303&id=5756
3
baxımdan ardıcıllıq bu sıralamada tarixi günlərin və əlamətdar hadisələrin diqqətə
alınmasını, məntiqi baxımdan ardıcıllıq isə əvvəlki təlim materialları vasitəsilə növbəti
materialların mənimsənilməsinə zəmin yaratmasını nəzərdə tutur. Lakin dərslikdə bu
prinsiplərə tam əməl olunmamışdır. Məsələn, yol hərəkəti qaydaları ilə bağlı bilik,
bacarıq və vərdişlər digər ölkələrdə tədris ilinin başlanğıcında formalaşdırılır. Bunun
başlıca səbəblərindən biri, mənimsənilmiş yol hərəkəti qaydalarının tətil dövründə
yaddan çıxma ehtimalı, eləcə də, şagirdlərin yeni – yaşlarına uyğun qaydaları vaxtında
öyrənməsi zərurətidir. Hətta, bunu nəzərə alan Dövlət Yol Polisi hər il tədris ilinin
başlanğıcında “təhlükəsizlik ongünlüyü” və ya “təhlükəsizlik aylığı” da keçirir. Ona
görə də bu mövzunun tədris ilinin əvvəlində keçilməsi tövsiyə olunur.
Məlum olduğu kimi, sağlamlıqla bağlı problemlər adətən daha çox payız
aylarında yaranmağa başlayır. Xüsusən də yoluxucu xəstəliklər – qrip, angina və
öskürək kütləvi hal alır. Ona görə də sağlamlıqla bağlı mövzuları aktuallıq nəzərə
alınmaqla, adətən bu dövrdə tədris edirlər. Bu mövzuların payız aylarında tədris
edilməsi məqsədəuyğun hesab edilir.
Sonuncu tədris vahidinin – “Təhlükəsiz həyat”ın birinci tədris vahidi kimi
təqdim edilməsi pedaqoji baxımdan daha doğru olar.
Dərslikdə fənlərarası inteqrasiya baxımından da müəyyən qüsurlar var. Məsələn,
15-ci mövzuda müxtəlif canlıların hüceyrələri və mikroskopla bağlı təqdim edilmiş
məlumatlar “Biologiya-6” dərsliyində (səh. 28-40) təbii olaraq daha ətraflı şərh
olunmuşdur. Ona görə də bu mövzunun şagird “Biologiya” dərsliyindən öyrəndikdən
sonra, “Həyat bilgisi” dərsliyində verilməsi düzgün olardı.
Dərslikdə heç bir dövlət bayramına yer ayrılmamışdır. Halbuki, “Mənim mənəvi
aləmim” və “Dövlətimə arxalanıram” bölmələrində formalaşdırılması nəzərdə
tutulan bilik və bacarıqların xeyli hissəsini şagirdlərə məhz bu kontekstdə aşılamaq
olardı.
“Dərsliklərin qiymətləndirilməsi meyarları”nın2
1.6-cı maddəsi gender
məsələlərinə həssas yanaşılması tələbini qoyur. Lakin dərslikdə gender məsələlərinə
həssas münasibət hiss olunmur. Məsələn, ayrı-ayrı səhifələrdə tanınmış tarixi
şəxsiyyətlərin kəlamları yalnız kişi cinsinə aiddir. Bunun nəzərə alınması
məqsədəuyğun hesab edilir.
Dərslik komplektindəki materiallar məzmun xətləri üzrə əsas və alt standartların bir
çoxunun tam şəkildə reallaşdırılmasına imkan vermir.
2 http://edu.gov.az/view.php?lang=az&menu=162&id=227
4
1.1.1 alt standartı şagirdin “maddələrin xassələrini onların daxili quruluşu ilə
əlaqələndirməsi” ilə bağlı bilik və bacarıqların formalaşdırılmasını nəzərdə tutur.
Məsələn, şagird mətbəxdə hər gün gördüyü ağ və narın halda olan üç maddənin – şəkər
tozu, xörək duzu və limon duzunun oxşar olduqları halda, nəyə görə tamamilə fərqli
dadlara malik olduqlarını və yaxud plastikdən hazırlanmış qabların fərqli rənglərdə
olduqlarını anlaya bilsin.
Bu alt standartın reallaşdırılması üçün dərslikdə 6 mövzu (9-14) verilmişdir.
Əlbəttə, cəmi 23 mövzudan ibarət olan dərslikdə təkcə bir alt standarta bu həcmdə yer
ayrılması o qədər də məqsədəmüvafiq hesab edilmir. Lakin hətta bu həcmdə material
da həmin alt standartın tam şəkildə formalaşdırılmasına imkan yaratmır. Belə ki, alt
standartla bağlı “Maddələrin xassələri” sərlövhəli mövzuda maddələrin xassələri fiziki
və kimyəvi olaraq iki qrupa ayrılır və onlar sxem vasitəsi ilə təqdim edilir. Burada,
maddənin aqreqat halını, həllolma xassəsini çıxmaqla, sxemdə sadalanan digər
xassələri haqqında anlaşıqlı məlumat verilmir. Maddənin rəngi, iyi, dadı və
istilikkeçirmə qabiliyyəti kimi xassələrinin onun daxili quruluşu ilə hansı əlaqədə
olması barədə isə, ümumiyyətlə, danışılmır. Lakin unutmaq olmaz ki, bütün bunlar
şagirdin məişətdə tez-tez rastlaşdığı vəziyyətlərdə ona lazım olan məlumatlardır.
Məsələn, əgər şagird metalların istiliyi daha yaxşı keçirdiyini dərk etsə, əlini ocağın
üstündəki qaba, şişə və ya digər əşyalara uzatmamışdan öncə düşünməli olacaq.
3.1.1. Ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri
dəyərləndirir.
Bu alt standart sosial həyatın əsas şərti olan ünsiyyət yaratma və ünsiyyəti
qoruyub-saxlama bacarıqlarının formalaşmasına təsir göstərən fərqli amillərin
şagirdlər tərəfindən dəyərləndirilməsini nəzərdə tutur. Məsələn, əgər şagird öz
həmyaşıdlarından biri ilə yaxşı ünsiyyət qurubsa, bu ünsiyyəti qorumaq üçün müxtəlif
amilləri nəzərə almalıdır: söhbətlərdə fikirlərini düzgün ifadə etmək, mehriban və
səmimi olmaq, pis sözlərdən istifadə etməmək, ad günlərində və bayramlarda təbrik
etmək, xəstələnəndə baş çəkmək, müəyyən vaxtlarda zəngləşib ortaq maraq dairəsinə
aid məsələlərlə bağlı müzakirələr aparmaq, birgə gəzintiyə çıxmaq, teatra getmək və s.
Ona görə də alt standartın formalaşdırılması üçün nəzərdə tutulmuş mövzu elə
qurulmalıdır ki, şagird bu amillərin hər birinin dəyərini anlaya və qiymətləndirə bilsin.
Lakin dərslikdə səhifə 6-da bununla bağlı verilmiş “Ünsiyyət mədəniyyəti” sərlövhəli
yeganə mövzu demək olar ki, tamamilə başqa bacarıqların formalaşdırılmasına–
münaqişələrdən qaçmağa və emosiyaların düzgün idarə olunmasına həsr edilmişdir.
4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir.
5
Bu alt standartdakı bilik və bacarıqların formalaşdırılması üçün dərslikdə 3 mövzu
(17-19) verilmişdir. Lakin elə bununla bağlı birinci mövzunun adından da
(“Sağlamlığın şərtləri”) görünür ki, burada söhbətin istiqaməti dəyişdirilmiş və
“sağlam həyat tərzinin əsas şərtləri” anlayışı “sağlamlığın şərtləri” ilə
əvəzlənmişdir. Hətta, məsələ “qurd xəstəlikləri” və “birhüceyrəli heyvanların,
bakteriyaların törətdiyi yoluxucu xəstəliklər” müstəvisinə keçirilmişdir. Əlbəttə, bu
halda alt standartın düzgün və sistemli formalaşdırılması barədə söhbət gedə bilməz.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mövqeyinə görə, insanın fiziki
sağlamlığı təkcə onun xəstə olmaması ilə ölçülmür, həm də psixoloji, mənəvi və sosial
durumunun qaydasında olması ilə müəyyən edilir (məsələn, fiziki cəhətdən sağlam
olan şəxs tüfeyli həyat tərzi də keçirə, dələduzluqla məşğul ola, hətta cinayətkar ola
bilər).
Ona görə də “sağlam həyat tərzi” kontekstində sağlamlığın üç forması
fərqləndirilir:
fiziki sağlamlıq (bütün orqan və sistemlərin düzgün fəaliyyət göstərməsi);
psixoloji sağlamlıq (idraki fəaliyyətin səviyyəsi və keyfiyyəti, diqqət və yaddaş,
emosional dayanıqlıq, iradənin inkişafı);
mənəvi sağlamlıq (əməyə şüurlu münasibət, mədəniyyət xəzinələrinə
yiyələnmək həvəsi, normal həyat tərzinə zidd olan hərəkətləri fəal şəkildə rədd etmək).
Lakin dərslikdə verilən mətnlər demək olar ki, ancaq fiziki sağlamlıq məsələləri
ilə bağlıdır. Hətta bu gün 6-cı sinif şagirdləri üçün daha aktual olan və rəsmən “zərərli
vərdişlər” siyahısına daxil edilən, “kompüter asılılığı”, “televizor asılılığı” və “oyun
asılılığı” kimi problemlər, onların yaratdığı fizioloji və psixoloji fəsadlar barədə,
ümumiyyətlə, söhbət getmir. Bununla bağlı MMV-də də məlumat verilməmişdir.
Dərslikdə bəzi mövzuların həcminin çox verilməsi məqsədəuyğun hesab edilmir.
Məsələn, 8 səhifəni əhatə edən 21-ci mövzunu müasir təlim metodlarına əsasən 6-cı
sinif şagirdlərinə 45 dəqiqə müddətində mənimsətmək mümkün deyil.
2. Dil və yazı üslubu baxımından
Səhifə 10-da “Hər yerdə düzgün davranaq” sərlövhəli mövzuda insanların
cəmiyyətdəki davranışları əxlaq qaydaları və hüquq normaları müstəvisində
qruplaşdırılır. Lakin yalan danışmaq, böhtan atmaq, satqınlıq, ikiüzlülük, əxlaqsızlıq
və s. davranışlar “əxlaqi keyfiyyətlər”in birinci qrupuna aid edilir. Əslində isə bunlar
əxlaqa zidd hərəkətlərdir. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət
6
Məcəlləsinin 147-ci maddəsinə görə böhtan atan şəxs cinayət məsuliyyəti daşıyır.
Məhkəmədə yalan ifadə verənlər, hərbi sirri, çalışdığı müəssisənin sirrini satanlar da
cinayət törətmiş şəxslər kimi qanun qarşısında cavab verməli olurlar.
Səhifə 20-də yazılmışdır: “Qurban bayramı günü, gün çıxandan sonra camaat
məscidə toplanır. Burada bayram namazı qılınır, sonra hər kəs evinə gedib
qurbanlıq heyvan kəsir”. Sonra isə qurbanın kəsilməsi və onun ətinin bölünüb
istifadə edilməsi qaydaları təsvir olunur.
Lakin burada yazılanların dini əsası olmadığına, qurban kəsmənin yalnız Həcc
ziyarətində olan şəxslərə aid olduğuna görə, bunu dini mərasim kimi təqdim etmək
doğru deyil. Deməli, Həcc ziyarətindən kənarda qurban kəsmə dini mərasim deyil,
sadəcə olaraq bəyənilən adətdir. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də hər
il bayram öncəsi bu barədə xəbərdarlıq edir3. Ona görə də burada Həcc ziyarətindəki
qurban mərasimi təsvir olunmalı idi.
Səhifə 31-də “Ombudsman – isveç dilində “insan hüquqlarının təmin
olunmasına nəzərət edən şəxs deməkdir” kimi izah olunmuşdur. Əslində isə bu söz
isveç dilində “araçı” anlamına gələn “ombuds” və “şəxs” anlamında olan “man”
sözlərinin birləşməsindən yaranmışdır4.
Burada, “Bəyannamə – hansısa prinsiplərin bəyan edildiyi beynəlxalq hüquqi
sənəddir” kimi qeyd edilmişdir. Əslində isə bu söz ərəb mənşəli “bəyan” və fars
mənşəli “namə” sözlərinin birləşməsindən yaranıb, mənası “xalqa, xalqlara, camaata
xitabən yazılı müraciət/müraciətnamədir5”. Onun beynəlxalq sənəd olması mütləq
deyil.
Səhifə 33-də verilmiş “İnsan hüquqları bir sistem kimi hər kəsin bərabər
hüquqlarını və azadlıqlarını təmin edir” cümləsinin mənası tam aydın deyil.
Səhifə 34-də “İnsanlar və onların istehsal etdiyi sərvətlər iqtisadi ehtiyatlar
adlanır” fikrinin səhv olduğunu dərsliyin növbəti səhifəsindəki “İqtisadi ehtiyatlar”
sxemi də təsdiq edir. Belə ki, maddi ehtiyatlar bölümünə aid edilmiş, insanın istehsal
etmədiyi torpaq, meşə və faydalı qazıntılar da iqtisadi ehtiyatlardır. Deməli, iqtisadi
ehtiyatlar dedikdə, əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə
olunan təbii ehtiyatlar, insan ehtiyatları və insanların özləri tərəfindən istehsal olunmuş
maddi ehtiyatlar nəzərdə tutulur.
3 http://www.qafqazislam.com/az/xeber.php?id=96
4 http://tr.wikipedia.org/wiki/Ombudsman
5 http://dict.obastan.com/word/3946/ lng/RU/BƏYANNAMƏ
7
Səhifə 35-də verilmiş “Əgər malın qiyməti aşağıdırsa, tələb daha yüksək
olur” cümləsi səhv yanaşmadır. Malın qiymətinin aşağı olması heç də həmişə bu mala
tələbatın artmasına gətirib çıxarmır. Tələbin müəyyən həddi olduğuna görə, təklif də
ona uyğun olmalıdır. Əgər təklif tələbdən artıqdırsa, onda qiymətin ucuzluğundan asılı
olmayaraq izafi mal bazarda yığılıb qalacaq. İstehlakçı ona lazım olmayan mala nəyə
görə pul verməlidir?
Səhifə 38-də maddələrin fiziki xassələri ətraflı izah edilməmişdir. Maddələrin
xassələri izah edilərkən onların həcmi, forması, plastik və ya elastik olması haqqında
məlumat verilmişdir. Lakin bütün bunlar maddələrin xassələri deyil. Maddələrin ən
mühüm fiziki xassələri onların qaynama, ərimə temperaturu və sıxlığıdır ki, bu barədə
mövzuda heç bir məlumat verilmir. Mövzuda göstərilir ki, kimyəvi xassələr –
maddələrin digər maddələrlə birləşmə qabiliyyətidir. Əslində isə maddənin
kimyəvi xassəsi onun digər maddələrlə qarşılıqlı təsirdə olmasıdır. Yaxşı olardı ki,
maddələrin fiziki və kimyəvi xassələri daha anlaşıqlı, şagirdlərin başa düşə biləcəyi
dildə verilsin.
Bu mövzunun sonunda verilmiş “Məsələn, müxtəlif maddələr olan şüşə və
metaldan eyni formalı qablar; rezin, şüşə, metaldan isə eyni formalı borular
hazırlana bilər” cümləsinin “Məsələn, müxtəlif maddələr olan şüşə və metaldan eyni
formalı qablar hazırlana bilər” kimi verilməsi daha düzgündür.
Səhifə 40-da “Maddələrin aqreqat hallarını və xassələrini bildikdən sonra
gəlin təcrübələr aparaq” fikri səhvdir. Çünki maddənin aqreqat halı elə onun
xassəsidir. Cümlədən isə belə başa düşülür ki, aqreqat halı maddənin xassəsi deyil.
Bu mövzuda “Burada nə müşahidə etdiniz?” sualından sonra verilən izahat
tamamilə səhvdir. İzahdan belə çıxır ki, qəndi stəkandakı suya salıb qarışdırdıqda o,
atomlara parçalanacaq. Lakin qənd suda həll olduqda burada atomlar (C, H, O) əmələ
gəlmir. Sondan ikinci cümlədə “havanın tərkibində olan oksigen qazı, hidrogen
qazı...” ifadəsi düzgün deyil. Çünki havanın tərkibində hidrogen qazı yoxdur.
Səhifə 41-də eyni atomlardan təşkil olunan maddələrin molekullarına qızıl və
dəmir misal göstərilmişdir. Bu doğru deyil. Çünki qızılın və dəmirin molekulları
yoxdur. Onlar qeyri-molekulyar quruluşlu maddələrdir.
Yenə həmin səhifədə müxtəlif atomlardan təşkil olunan maddələrə xörək duzu,
qənd və nişasta misal göstərilmişdir. Burada, yenə də qeyd etmək lazımdır ki, xörək
duzu molekullardan deyil, ionlardan təşkil olunmuşdur. İon haqqında isə,
ümumiyyətlə, məlumat verilməmişdir. Qənd maddə deyil, cisimdir.
8
Səhifə 42-də “Atomlar elementlərin, elementlər maddələrin tərkib hissəsidir”
ifadəsi doğru deyil. Çünki kimyəvi element – atomların müəyyən növüdür.
Burada, “Yüzdən çox atom növü vardır” cümləsi isə təkrardır (səh. 40-da
verilib).
Yenə həmin səhifədə “Atomlar isə konkret bir hissəcikdir” cümləsinin “Atom
isə konkret bir hissəcikdir” kimi verilməsi məqsədəuyğundur.
Burada, “suyun tərkibində iki element – hidrogen və oksigen iştirak edir”
cümləsi “suyun tərkibi hidrogen və oksigen elementlərindən ibarətdir” kimi
yazılmalıdır.
Yenə həmin səhifədə “Metallar parlaq, bərk olub...” əvəzinə “Metallar adi
şəraitdə parlaq, bərk olub....” olmalıdır. Çünki yüksək temperaturda metallar öz
aqreqat halını dəyişir.
Burada, metalların sırasında “bürünc” yazmaq olmaz. Çünki bürünc metalların
ərintisidir.
Səhifə 44–45-də fiziki və kimyəvi dəyişikliklər fiziki və kimyəvi xassələr
adlandırılmışdır. Bu tamamilə səhvdir.
Səhifə 47-də qarışıqları saf maddələrə ayırma üsulları yaxşı izah olunmamışdır.
Distillə etmə, durultma, çökdürmə üsullarını şagirdlər necə başa düşəcəklər?
Qarışıqlar “Tərkibində iki və daha çox atom və ya molekul növü olur” cümləsi
doğru deyil. Belə ki, tərkibində iki atom növü olan su haqqında artıq məlumat
verilmişdir. Cümləyə əsasən belə başa düşülür ki, su qarışıqdır. Həmin fikir
“Qarışıqlar – iki və daha artıq saf maddədən ibarət olan bir sistemdir” kimi
verilməlidir.
Yenə həmin səhifədə “bəsit və mürəkkəb maddələr” haqqında olan məlumatlar
artıqdır. Maddələrin eyni və ya müxtəlif növ atomlardan ibarət olması haqqında
məlumatlar səhifə 40-da artıq verilmişdir. Bəsit və mürəkkəb maddələrin tərifinin də
elə həmin səhifədə verilməsi yaxşı olar.
Səhifə 48-də verilmiş 4-cü cümlədə “cansiz” deyil, “cansız” olmalıdır.
Səhifə 49-da şagirdin hələ haqqında heç bir məlumata malik olmadığı, bilik və yaş
səviyyəsinə uyğun olmayan anlayışlara yer verilmişdir. Məsələn, “Üzərinə zəif xlorid
turşusu tökülüb bir gün saxlanılmış sümüyü müşahidə edək” cümləsində olan
xlorid turşusu ilə şagird kimya fənnindən 8-ci sinifdə tanış olacaq (Bax: Kimya-8.
1.1.1).
Yenə həmin səhifədə “Siz ilbizlərin çanağının, hələ də bəzi məktəblərdə
istifadə olunan təbaşirin, sümüklərin və s. tərkibində qeyri-üzvi maddələrlə
9
yanaşı, üzvi maddələrin də olduğunu bilirsinizmi?” cümləsi qüsurludur. Burada
“hələ də bəzi məktəblərdə istifadə olunan təbaşirin” əvəzinə sadəcə “təbaşirin”
yazılmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, təbaşirin tərkibi yalnız qeyri-üzvi
maddələrdən ibarətdir.
Səhifə 51-də birinci cümlə “Hüceyrələri ilk dəfə mikroskopda mantar
parçasını nəzərdən keçirən Robert Huk onu gözcüklər şəklində görmüşdür” deyil,
“İlk dəfə olaraq Robert Huk mikroskopda mantar parçasını nəzərdən keçirərkən
hüceyrələri gözcüklər şəklində görmüşdür” kimi olmalıdır.
Yenə həmin səhifədə “Mantar - ağac gövdəsinin bir qatıdır” cümləsi
“Mantar - ağac və kol gövdəsində qabığın bir qatıdır” kimi yazılmalıdır.
Səhifə 52-də hüceyrəni bir fabrikə bənzətmək korrekt deyil. Onu bir dövlətə
bənzətmək daha yaxşı olardı: xarici qılaf (plazmatik membran)–sərhəd, nüvə-paytaxt,
endoplazmatik şəbəkə–magistral yollar, mitoxondri–elektrik stansiyaları və s.
Yenə həmin səhifədə “Virusların cansızlarla canlılar arasında keçid təşkil
etdikləri güman olunur. Təbiətdə bu canlıların bir qismi böyüdücü cihazlar
vasitəsilə görünür, bir qismi isə çox nəhəngdir” fikrinin ikinci cümləsindən elə başa
düşülür ki, virusların bir qismi çox nəhəng olur, əslində isə burada “bu canlılar”
əvəzinə “bütün canlılar” yazılmalıdır.
Səhifə 56-da “Reproduktiv sağlamlıq” anlayışının 6-cı sinfə gətirilməsi ə düzgün
deyil. Hətta Qərb ölkələrində 11-12 yaşlı şagirdlərlə belə söhbətlər aparılmır. Digər
tərəfdən, bu anlayış “Həyat bilgisi” kurikulumuna əsasən 8-ci sinifdə öyrədilməsi
nəzərdə tutulan standarta aiddir. (Bax: Həyat bilgisi – 8. 4.1.1). Eyni irad səhifə 66-da
verilmiş “Tripanosom”, “leyşmaniya” və s. kimi sözlərə də aiddir.
Səhifə 58-də “Günəş vannası qəbul olunduqdan sonra üzmək orqanizmin
daha çox maye itirməsinə səbəb olduğundan, bədənin su itkisi bərpa olunmalıdır”
fikri düzgün deyil. Belə ki, üzmə zamanı çoxlu su itirilmir, əksinə suyun itirilməsi
azalır (tərləmə prosesi zəifləyir).
Səhifə 66-da verilmiş “Malyariya, tripanosom, və leyşmaniyalara cücülər
sancdıqda, dizenteriya amöbü və lyambliyalara isə həzm yolu ilə yoluxmaq olur”
cümləsində də xəstəliklər və bu xəstəlikləri törədən canlılar qarışdırılmışdır.
Malyariya xəstəliyin adıdır, törədicisi isə malyariya parazitidir (plazmodisidir). Ona
görə də cümlə: “Malyariya paraziti, tripanosom, və leyşmaniyalara cücülər sancdıqda,
dizenteriya amöbü və lyambliyalara isə həzm yolu ilə yoluxmaq olar” kimi verilərsə,
doğru olar.
10
Səhifə 72-də respublikanın seysmik zonaları göstərilmişdir: Böyük Qafqazın
cənub yamacı, Naxçıvan, Yuxarı Qarabağ, Gəncə, Qazax, Bakı şəhəri, Xudat-Xaçmaz
sahilyanı zonaları.
Qeyd etmək lazımdır ki, zəlzələnın güçü Rixter şkalasına əsasən 12 ballıq şkala
ilə təyin edilir. Hər il Yer kürəsində 3-4 bal güçündə həddindən çox zəlzələlər olur.
Yer üzərində 6-7 bal və ondan daha çox güçə malik olan zəlzələ zonaları fəal seysmik
zona adlanır. Buna əsasən dərslikdə verilmiş sxemə düzəliş edilməli, buradan “Bakı
şəhəri, Xudat-Xaçmaz sahilyanı zonaları” çıxarılmalıdır.
Yenə həmin səhifədə verilmiş xəritədə güclü seysmik zonaların xüsusi işarə ilə
qeyd edilməsi təklif edilir.
Səhifə 75-də “Sürüşmə-ağırlıq quvvəsinin təsiri altında yumşaq dağ
süxurunun eniş üzrə düşməsidir. Sürüşmələrə ən çox çuxurların su ilə dolması
səbəb olur.” cümlələrində fikir ayrılığı özunu göstərir. 1-ci cümlədə sürüşmənin
dağlarda, 2- ci cümlədə isə çuxurlarda yaranması qeyd edilir. Sürüşmələr əsasən
dağlıq ərazilərdə baş verir. Sürüşmə süxurların yatım ardıcıllığından, ərazinin
meyilliydən və rürubətlənmə dərəcəsindən asılıdır.
Səhifə 82-86-da “Yol nişanlarına diqqət edək” sərlövhəli mövzuda 6-cı sinif
şagirdinin yaş səviyyəsinə uyğun olmayan, sürücülərə aid yol nişanlarının verilməsi
düzgün hesab edilmir.
Dərsliyin rus dilində olan variantında müəyyən tərcümə qüsurları vardır. Bunlar
aşağıdakılardır:
Səhifə 49-da “Клетки - самые мелкие частицы живых организмов. ”
cümləsi “Клетки - это наименьшие единицы строения, развития и
функционировани я большинства живых организмов.” kimi yazılmalıdır. Burada
yalnız viruslar müstəsnalıq təşkil edir. Eyni zamanda qeyd etmək lazımdır ki,
hüceyrələr canlı orqanizmin ən kiçik hissəcikləri deyil. Atomlar, molekullar,
hüceyrənin orqanoidləri də canlı orqanizmin kiçik hissəcikləridir ki, bu hissəciklər
hüceyrədən dəfələrlə kiçikdir.
Yenə həmin səhifədə “Давайте рассмотрим кость, выдержанную сутки в
слабом растворе соляной кислоты” cümləsi “Давайте рассмотрим кость,
выдержанную в течение суток в слабом растворе соляной кислоты” kimi
yazılmalıdır. Burada, “Подожжѐм кость. Что вы наблюдаете?” əvəzinə
“Прокалим кость на огне. Что вы наблюдаете?” yazılmalıdır.
Yenə həmin səhifədə suallar və tapşırıqlarda “3.Люди получили в
лабораториях искусственный шелк, икру, яйцо и пр. ” cümləsi dərsliyin
11
Azərbaycan dilində olan variantına uyğun olaraq “Люди получили в лабораториях
искусственный шелк, искусственную икру, искусственные яйца и пр. ” kimi
yazılmalıdır.
Səhifə 50-də “До изобретения микроскопа строение живых существ
оставалось тайной для людей” cümləsi “До изобретения микроскопа строение
одноклеточных организмов оставалось тайной для людей” kimi yazılmalıdır.
Səhifə 51-də “Существуют также, обладающие ещѐ большей мощностью,
электронные микроскопы” cümləsi “Существуют также, обладающие ещѐ
большим увеличением, электронные микроскопы” kimi yazılmalıdır.
Səhifə 52-də “Что бы вы добавили к животной клетке, чтобы
уподобить еѐ с растительной клеткой” cümləsi “Что необходимо добавить
для того чтобы животная клетка, была бы похожа на растительную клетку”
kimi yazılmalıdır.
Səhifə 53-də “Говоря природа, вспоминается являющийся его неделимой
частицей человек” cümləsi “Когда мы говорим природа планеты, вспоминается
еѐ неотъемлемая часть - человек” kimi yazılmalıdır.
Yenə həmin səhifədə verilmiş “Природа не отказывает человеку ни в чем”
cümləsi korrekt deyil.
Yenə həmin səhifədə “Вред наносимый человеком природе, равен
ущербу, наносимому им самому себе” cümləsi qüsurludur.
Səhifə 64-də “Большинство этих болезней возбуждают
микроорганизмы” əvəzinə “Возбудителями большинства болезней являются
микроорганизмы” yazmaq daha məqsədəuyğundur.
3. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin bədii tərtibatı və dizaynında müəyyən qüsurlar vardır. Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Dərsliklərin
qiymətləndirilməsi meyarları”nın6 3.1-ci maddəsi dərsliklərə rəsmlərin orijinallığı
tələbini qoyur. Lakin burada orijinal rəsmlər demək olar ki, ümumilikdə şəkillərin yalnız
30%-ni təşkil edir.
“Dərsliklərin qiymətləndirilməsi meyarları”nın 3.7-ci maddəsi dərsliklərin üz
qabığının (cildinin) tərtibatının onun məzmununa uyğunluğu tələbini qoyur. Yəni üz
qabığı məzmunun aynası olmalıdır. Məsələn, dərsliyin cildində verilmiş bədii tərtibat
6 http://edu.gov.az/view.php?lang=az&menu=162&id=227
12
elementlərinə baxmaqla, onun hansı fənnə (riyaziyyat, fizika, kimya və s.) aid
olduğunu çətinlik çəkmədən söyləmək mümkün olsun. Lakin bu dərsliyin üz qabığı
daha çox biologiya və ya coğrafiya dərsliklərini xatırladır.
“Həyat bilgisi” fənninin formalaşdırdığı bilik və bacarıqların böyük bir hissəsi
şəxsi və kollektiv təhlükəsizlik məsələləri ilə bağlıdır. Ona görə də 10-cu səhifədə
ananın öz uşağının əlindən tutub dəmir yolu xətti üzərində hərəkət etməsini əks etdirən
təsvirin verilməsi məqsədəuyğun hesab edilmir. Əksinə, burada şagirdlərə belə
hərəkətlərin həyat üçün olduqca təhlükəli olması təlqin edilməlidir.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 6.11-ci maddəsi dərsliklərdə
tədrislə əlaqəsi olmayan reklamları qadağan edir. Bu qadağanın əsas səbəblərindən biri
dövlət büdcəsi hesabına çox böyük tirajla çap olunan və yarım milyondan artıq
şagirdin istifadə etdiyi dərsliklərdə hansısa özəl müəssisənin məhsulunu yerləşdirib
bazar subyektləri arasında ayrıseçkilik salmamaqdır. Çünki dövlət büdcəsi yalnız
dərslikdə reklamı yerləşdirilən müəssisə və firmaların deyil, həm də onların bazardakı
rəqiblərinin ödədiyi vergilər hesabına formalaşır. Lakin “Həyat bilgisi” dərsliyinin
34-cü səhifəsində “Jalə” şirələrinin hazırlandığı sexdən reklam xarakterli şəkil
yerləşdirilmişdir.
Səhifə 14-dəki şəklin əvəzinə "Azərbaycanın xəritəsi"nin verilməsi daha
məqsədəuyğun hesab edilir.
Səhifə 38-də maddənin aqreqat halları ilə bağlı verilmiş 1-ci (Bərk) və 2-ci
(Maye) şəkillərdə maddələr eyni rənglərdə verildiklərinə görə sadəcə olaraq formaları
ilə fərqlənirlər.
Bərk, maye və qaz halında olan maddələrin sıxılması ilə bağlı 39-cu səhifədə
verilmiş şəkillər elmi və pedaqoji cəhətdən doğru deyil. Birincisi, belə sıxma
əməliyyatları heç vaxt şüşə qablarda həyata keçirilə bilməz. Çünki şüşə qab həmin
təzyiqlərə davam gətirə biləcək keyfiyyətlərə malik deyil. Ona görə də şagirdlərdə belə
bir səhv fikir formalaşa bilər ki, bunu dərslikdə göstərilən üsulla etmək olar. İkincisi,
mayelərin, xüsusilə də damcı yaradan mayelərin sıxılması olduqca çətin və adi
laboratoriyalarda həyata keçirilə biləcək proses deyil. Əslində, bu sıxılma çox cüzi,
demək olar ki, gözlə görünməsi mümkün olmayandır. Lakin dərslikdəki şəkildən belə
çıxır ki, mayeni şüşə qabda 10-15% sıxmaq olar.
Səhifə 40-da verilmiş şəkildə “Yod atomları” deyil, yod molekullarından ibarət
olan kristal qəfəs təsvir olunmuşdur.
Məlum olduğu kimi, hər bir su molekulu kristal halda dörd qonşu molekulla
əlaqəlidir. Lakin 41-ci səhifədə verilmiş qarmaqarışıq “Su molekullarının quruluşu”
13
sxemində bu prinsip tamamilə pozulmuşdur. Hətta bu prinsipə əməl etmək üçün
təsvirlərdə bir qayda olaraq, kənarda qalan molekullarda yarımçıq rabitə xətti
göstərilmişdir.
Səhifə 43-də şəkillərin adları “Metal cisimlər” deyil, “Metaldan hazırlanan
cisimlər”, “Qeyri-metal cisimlər” isə “Qeyri-metaldan hazırlanan cisimlər”
olmalıdır.
Səhifə 48-də şəkildə oksigen qazının oxu mütləq verilməlidir.
Səhifə 50-də “Şəklə baxın. Orada çoxlu hissəciklər var. Onları bir yerə
yığsaq, oyuncaq avtomobil alınar” fikri verilmişdir. Halbuki, şəkildəkilər “oyuncaq
avtomobilin hissəcikləri” deyil, əsl minik avtomobilinin hissələridir – mühərrik,
dinamo, karbürator, sürət qutusu və s. Bundan əlavə, göstərilən hissələrdən avtomobil
yığmaq mümkün deyil. Hissələrin xeyli hissəsi çatışmır.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 3.1-ci maddəsi
“illüstrasiyaların yığcam və mövzulara uyğun olması” tələbini qoyur. Dərslikdə bir çox
hallarda bu tələbə əməl olunmamışdır. Məsələn, 11-ci səhifədəki ikinci şəkilin, 28-ci
səhifədəki 1-ci şəkilin mövzu ilə heç bir əlaqəsi yoxdur. 18-ci səhifədəki şəkil düzgün
anlaşılmır. Belə ki, burada uşaq əli ata və ananın biləyindən də böyük bir biləyə sanki
“calaq” edilmişdir. 57-ci səhifədəki şəkil, eləcə də, 62-ci səhifədəki ikinci şəkil də
sadəcə olaraq boş qalmış yeri doldurmaq məqsədi daşıyır.
Səhiyyə sistemində qəbul olunmuş qaydalara görə həkimlər iş başında müəyyən
edilmiş formasında olmalı, xəstələrin müayinəsi və müalicəsi zamanı gigiyena
qaydalarına uyğun olaraq ağız və burunlarını xüsusi qoruyucu tənziflə örtməlidirlər.
Ona görə də həkimlərin iş başında təsvirləri də bu qaydalar diqqətə alınmaqla yerinə
yetirilməlidir. Məsələn, dərsliyin 59-cu səhifəsindəki şəkildə şagirdi peyvənd edən
şəxsin kim olması geyimindən məlum deyil. Sanki kimsə qızın qoluna nə isə yazmağa
çalışır.
Səhifə 64-də diş həkimi qoruyucu tənzifsiz təsvir olunmuşdur.
Səhifə 70-də “şəkillərdə göstərilən fövqəladə hadisələrdən necə qorunmaq
olar?” sualı (7) qoyulmuşdur. Lakin burada verilmiş 6 şəkildən 3-nün fövqəladə
hadisələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, 1-ci şəkildə nəqliyyat qəzası, 3-cü şəkildə
borudan su sızması və 6-cı şəkildə isə məişətdə işlədilən adi qaz pilətəsi təsvir
olunmuşdur.
Səhifə 72-də verilmiş xəritədə şəhər və rayon adlarının yazılışında şrift çox qarışıq
verilmişdir. Məsələn, “ZAQATALA” sözü baş şriftlərlə, “Şəki” sözü sətri şriftlərlə,
“Astara” sözü “Lənkəran”dan daha böyük şriftlə təqdim olunmuşdur. Ölkənin ikinci
14
böyük şəhəri olan Gəncənin adı yaxınlığındakı Göygöl rayon mərkəzi ilə eyni şriftlə
verilmişdir. Halbuki, xəritələrdə yaşayış məntəqələrinin adları onların böyüklüyünə və
statusuna uyğun şriftlərlə fərqləndirilir.
Səhifə 75-də sürüşməyə aid şəkil aydın deyil.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Pedaqoji və psixoloji prinsiplər nəzərə alınmaqla dərsliklərdə sual və tapşırıqlar
adətən ümumən şagirdlərə deyil, konkret şagirdə yönəlmiş olur və “izah et”, “göstər”,
“söylə”, “təqdim et”, “yaz”, “tərtib et” kimi sözlərlə ifadə olunur. Bu dərslikdə isə
daha çox ümumi halda – “izah edin”, “göstərin”, “söyləyin”, “təqdim edin”,
“yazın”, “tərtib edin” formasında ifadə olunmuşdur. Hətta, bəzi səhifələrdə bu
yanaşmaların hər ikisindən istifadə olunmuşdur. Bununla bağlı, 9-cu səhifədəki 4-cü
və 54-cü səhifədəki 10-cu sualları göstərmək olar.
Kurikulumun məzmun standartlarının ifadə forması da bilik və bacarıqların
“şagirdlər” tərəfindən deyil, “şagird” tərəfindən nümayiş etdirilməsini nəzərdə tutur.
Dərslikdə bəzi hallarda verilən tapşırıqlarda təhsilin humanizm prinsipləri,
sağlamlıqla bağlı tələblər pozulmuşdur.
Məsələn, səhifə 33-də “Hüquqlarımızı qoruyanlar” sərlövhəli mövzu ilə bağlı
“Sual və tapşırıqlar” bölməsindəki 3-cü tapşırığı yerinə yetirmək üçün şagird BMT-nin
“Uşaq Hüquqları haqqında Konvensiya”sını diqqətlə oxumalı və oradan sağlamlıq və
təhsil hüququnun qorunması ilə bağlı bəndləri (?) seçib yazmalıdır. Konvensiya 54
maddədən 48460 işarədən ibarətdir7. Bu, 12-lik şriftlə 20 kitab səhifəsinə bərabərdir.
Şagirdin seçib yazmalı olduğu 25, 26, 28 və 29-cu maddələr isə 5223 işarədən
ibarətdir. Yəni 6 dəftər səhifəsidir. Təkcə bu tapşırığı yerinə yetirmək üçün şagird ona
ən azı bir gününü sərf etməlidir. Ona görə də sual olunur: Tapşırığın bu formada yerinə
yetirilməsi pedaqoji və psixoloji cəhətdən nə dərəcədə düzgündür?
Hələ bu da görüləcək “iş”in hamısı deyil. Belə ki, şagird 5-ci tapşırığın tələblərinə
görə dövlətimizin müvafiq sənədlərindəki “Təhsil hüququ”na aid bəndləri də eynən
seçməli, 8-ci və 9-cu tapşırıqlara görə, ombudsmanın fəaliyyəti və xüsusi qayğıya
ehtiyacı olan uşaqların hüquqlarının qorunması haqqında məlumatlar da toplamalıdır.
Üstəlik 11-ci tapşırığa görə “İnsan hüquqlarının pozulmasına aid hekayə qurmalı və
insan hüquqlarını qoruyan orqanlara məktub hazırlamalıdır”.
7 http://scfwca.gov.az/up/news/article/2012/konvensiya.pdf
15
Səhifə 39-da suallar və tapşırıqların 5-ci bəndi belədir: “Suyun fiziki xassələrini
havanın fiziki xassələrindən fərqləndirin”. Suyun fiziki xassələrini şagird sadalaya
bilər. Çünki su – saf maddədir. Onun fiziki xassələri sabitdir. Lakin hava qarışıqdır.
Onun sabit fiziki xassələri yoxdur. Buna görə də hava və suyun fiziki xassələrini
fərqləndirmək düzgün hesab edilmir.
Səhifə 41-də suallar və tapşırıqlarda “Nə üçün qazlar daha çox sıxıla bilir?”
sualı bu mövzuya aid deyil. Bu sual artıq əvvəlki mövzuda soruşulmuşdur.
Burada, “Xörək duzunu xörəyə əlavə etdikdə onun ən kiçik hissəcikləri nələr
olacaq?” sualına şagirdlər düzgün cavab verə bilməz. Xörək duzunu suya əlavə
etdikdə onun ən kiçik hissəcikləri ionlar olacaq. Lakin hələ şagirdlər ion haqqında
məlumat almayıblar.
10-cu tapşırıq “Elə maddələr yazın ki, iki qazın birləşməsindən maye alınsın”
kimidir. Bu cümlə əslində “İki qazın birləşməsindən yaranan maye halında maddə
yazın” kimi olmalı idi. Çünki şagirdlər mövzuda sudan başqa maye halında maddə ilə
tanış olmurlar.
Səhifə 47-də suallar və tapşırıqlarda 2-ci sualda “Qarışıq maddə nədir?” deyil,
“Qarışıq nədir?” olmalıdır.
Yenə həmin səhifədə suallar və tapşırıqların 6-cısı belədir: “Qəhvə bişirdikdə
içində neçə maddənin qarışığı olduğunu dəftərinizdə yazın” Bu düzgün tapşırıq
deyil. Birinci, qəhvə bişirilmir. İkinci, qəhvə hazırlayan şagird onun tərkibinə daxil
olan onlarla maddənin olduğunu bilməli deyil.
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
“Müəllim üçün metodik vəsait”də dərslik və vəsaitdən istifadə qaydaları, fənn
üzrə məzmun standartları, tematik planlaşdırma cədvəli, fənn üzrə məzmun
standartlarının reallaşma cədvəli, fənnin tədrisində istifadə olunan təlim forma və
üsulları, mövzuların illik planlaşdırılmasına dair nümunələr, şagird nailiyyətlərinin
qiymətləndirilməsinə dair tövsiyələr, mövzuların gündəlik planlaşdırılmasına dair
nümunələr, summativ qiymətləndirmə vasitələri haqqında məlumat verilmişdir.
MMV-nin təlim forma və üsulları ilə bağlı bölməsində verilən materiallar demək
olar ki, aşağı siniflərdə təqdim olunanların təkrarıdır. Hətta, onların bəziləri
natamamdır. Məsələn, “Beyin həmləsi” üsulunun reallaşdırılması mexanizmi düzgün
izah olunmamışdır. Bu üsulun reallaşdırılması adətən, üç mərhələni əhatə edir:
16
a) Problemin qoyulması.
Müəllim problemi hamının yaxşı anlayacağı şəkildə (şifahi və ya yazı lövhəsində)
elan edir və şagirdlərə onun həlli ilə bağlı ən çoxu 10-12 dəqiqə ərzində müxtəlif
ideyalar irəli sürməyi təklif edir. Bu zaman sinfi 3 qrupa bölmək və problemin qruplar
tərəfindən müstəqil şəkildə çözülməsini də təşkil etmək olar:
problemin həlli üçün ideyalar irəli sürən əsas qrup;
ideyaları qeydə alan qrup (katiblik);
ideyaları qiymətləndirən qrup (ekspertlər).
b) İdeyaların generasiyası.
İşin müvəffəqiyyəti daha çox bu mərhələdən asılı olduğundan, müəllim aşağıdakı
qaydalara əməl etməlidir:
hər bir şagirdin öz fikir və ideyalarını sərbəst söyləyə biləcəyi mühit yaratmaq;
söylənən fikir və ideyaların sayına məhdudiyyət qoymamaq;
söylənən fikir və ideyaların bütün şagirdlər tərəfindən eşidilməsini təmin
etmək;
fikir və ideyaların müzakirəsini (tənqid və ya tərif) qadağan etmək;
söylənən fikir və ideyaların hamısını, hətta ən absurd ideyaları belə qeydə
almaq.
c) İdeyaların seçilməsi, qruplaşdırılması və qiymətləndirilməsi.
Bu mərhələdə katiblik söylənmiş ideyaları bir daha elan edir. Sonra ekspert qrupu
onları katiblikdən təhvil alır, tənqidi-incələmədən keçirməklə “Beyin həmləsi”nin
məqsədinə uyğun gələnləri, gündəlik həyatda istifadəyə yararlıları seçib qruplaşdırır və
göstərir.
Amma vəsaitdə bu mexanizm görünmür. Ona görə də belə hesab etmək olar ki,
dərslikdə “Beyin həmləsi” adı ilə verilənlərin (M.V. 33, 37, 39, 43, 45 və s.) bu üsula
aidiyyəti yoxdur.
Vəsaitdə demək olar ki, hər yerdə “alt standart” əvəzinə “standart” ifadəsi
işlənmişdir. Halbuki, bunlar fərqli anlayışlardır.
MMV-nin yaradılmasında başlıca məqsəd dərslikdə nəzərdə tutulan fikir və
ideyaları müəllimlərə daha aydın şəkildə çatdırmaq, kurikulumda təsbit edilmiş bilik,
bacarıq və dəyərlərin formalaşdırılması üçün onlara zəruri metodik tövsiyələr, eləcə də
nümunəvi, həm də orijinal dərslər təqdim etməkdir. Lakin qeyd etmək lazımdır ki, bu
“nümunə”lərin içərisində orijinallığı ilə seçilən və yadda qalan bircə dərsə belə rast
gəlmək mümkün deyil.
17
MMV-də dərsliyin bütün səhifələrinin yalnız lupa ilə oxunacaq şəkil formasında
təkrar verilməsinin məntiqi anlaşılmır. Aşağı siniflərdə (I-II siniflər) məzmunun xeyli
hissəsi şəkillərdən ibarət olduğundan, bu, rəsmlərə istinad və onların izahı baxımından
özünü doğruldur. Lakin 6-cı sinifdə bunların verilməsinə heç bir ehtiyac yoxdur.
Dərslikdə konstitusiyadan, qanunlardan, siyasət, elm və mədəniyyət xadimlərinə
(H. Əliyev, A. Bakıxanov, Ş. Monteskyö, Sofokl, A. Şopenhauer) aid çoxlu sayda
kəlamlardan və xeyli başqa məlumatlardan istifadə olunsa da, MMV-də verilmiş
“Ədəbiyyat siyahısı”nda bunlarla bağlı heç bir mənbə verilməmişdir. Hətta, yol
nişanlarının hansı rəsmi mənbədən götürüldüyü belə göstərilməmişdir.
Vəsaitdə heç bir konkret resursun adı və mənbəyi göstərilməmişdir. Hər şey
ümumi şəkildə verilmişdir. Məsələn, “Dərslik, müxtəlif şəkillər, iş dəftəri,
ensiklopediya, İKT vasitələri, videoçarx, CD” formasında. Bu cür “tövsiyə”nin
müəllimə hansı köməyi ola bilər? Halbuki, burada hər mövzuya uyğun konkret
mənbələr göstərilməli idi. Elə “Dərsliklərin qiymətləndirilməsi meyarları”nın8 2.1.5-ci
maddəsi də “əlavə vəsaitlərə (elektron resurslar, əyani vəsaitlər, xəritələr, sxemlər və
s.) istiqamətləndirmə” tələbi qoyur.
Bəzi mövzuların tədrisi zamanı qoyulan məqsəd mövzunu və alt standartı
reallaşdırmır.
Məsələn “Elementlər” mövzusunun planlaşdırılmasında (səh.53) alt standart:
1.1.1. Maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir .
Məqsəd olaraq “Element anlayışını atom və maddə anlayışlarından
fərqləndirmək” nəzərdə tutulmuşdur. Nə MMV-də, nə də dərslikdə bu məqsəd lazımi
səviyyədə izah olunmamışdır. Burada, yalnız element və atom anlayışları arasında
əlaqələrdən danışılmışdır. Müəllim və ya şagird bu mövzunu öyrənməklə element və
maddə anlayışlarını heç vaxt fərqləndirə bilməz. Bu mövzuda fənlərarası inteqrasiya
müəyyənləşdirilməmişdir. Ona görə də “Mövzu üzrə reallaşacaq standartların digər
fənn kurikulumlarının 6-cı sinif standartları ilə inteqrasiya imkanlarını müəyyən
edə bilərsiniz” yazılmışdır. Lakin məlumdur ki, element anlayışı kimya fənninə aid
olub, 8-ci sinifdə tədris olunur. Belə olan halda, deməli, bu mövzu verilmiş alt
standartı reallaşdırmaq üçün düzgün seçilməmişdir.
Bəzi mövzuların tədrisi zamanı izahlarda elmi və üslubi səhvlərə yol verilmişdir.
Məsələn, səhifə 49-da mövzu izah olunarkən kömür, xörək duzu, su və oksigenin
fərqləndirilməsini göstərən cədvəl verilmişdir. Burada, xörək duzunun rəngi ağ
göstərilmişdir. Əslində isə xörək duzu şəffafdır. 8 http://edu.gov.az/view.php?lang=az&menu=162&id=227
18
Səhifə 51-də ümumiləşdirmə və nəticələrdə “malekulları” deyil, “molekulları”
olmalıdır.
Səhifə 57-də dəmir tozu və oduncaqdan alınan kəpək qarışığının ayrılması üsulu
səhv verilmişdir. Əslində, dəmir tozu və oduncaqdan alınan qarışıqdan dəmir tozunu
maqnitin köməyilə ayırmaq daha düzgün olar.
Vəsaitin sonunda verilmiş “Summativ qiymətləndirmə vasitələri” bölməsində
tövsiyə edilən test tapşırıqlarında xeyli səhvlər var. Məsələn:
Test tapşırığı 13 (MMV., səh. 81). Respublikamızda Milli Məclisin verdiyi
qanunları hansı qurum yerinə yetirir?
a) Məhkəmə; b) İcra Hakimiyyəti; c) BMT; d) ATƏT; e) Məktəb.
Burada, a, b və e bəndlərinin hər üçü doğrudur. Deməli, test tapşırığı düzgün
tərtib olunmamışdır.
Test tapşırığı 21 (MMV., səh. 82). Hansı sırada verilənlər doğrudur?
Burada, sıra olmadığına görə, şagirdlər çaşa bilər.
Test tapşırığı 27 (MMV., səh. 83). Maddənin kimyəvi xassələri hansılardır?
a) Rəngi; b) Qaynama temperaturu; c) Digər maddələrə çevrilməsi; d) Dadı.
Şagird dərsliyin 38-ci səhifəsindən rəngin və dadın, 44-cü səhifəsindən isə
qaynama temperaturunun maddənin fiziki xassələrinə aid olduğunu öyrənmişdir. Ona
görə də digər bəndlərə fikir vermədən, doğru cavab görünür. Deməli, test tapşırığı
düzgün tərtib olunmamışdır.
Müəllim üçün əlavə materiallar verilməmişdir. Lakin “Qiymətləndirmə
meyarları”nın 5-ci maddəsi MMV-də əlavə materialların olmasını tələb edir.