respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün...

14
Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi əlliflər: Rafiq İsmayılov Gülşən Orucova Zahid Xəlilov Dilrubə Cəfərova Bakı: Altun Kitab, 2013. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Upload: others

Post on 31-Aug-2019

19 views

Category:

Documents


0 download

TRANSCRIPT

Respublikanın ümumtəhsil məktəblərinin

2-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi

Müəlliflər: Rafiq İsmayılov

Gülşən Orucova

Zahid Xəlilov

Dilrubə Cəfərova

Bakı: Altun Kitab, 2013.

Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar

və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

2

Yekun rəy aşağıdakı meyarlara görə formalaşdırılmışdır:

1. Məzmun baxımından;

2. Dil və üslub baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından.

1. Məzmun baxımından

Dərslikdə dinləyib-anlama, danışma, oxu, yazı, dil qaydaları məzmun xətlərinin

reallaşdırılması üçün 8 bölmə, bu bölmələr üzrə 92 mətn verilmişdir. Mətnlərdən 10-u

nəzm, 82-si nəsr nümunəsidir. 30 mətnin müəllifi verilmiş, 62 mətnin müəllifi isə

göstərilməmişdir.

Dərsliyin məzmunu ilə bağlı müəyyən qüsurlar var. Dil qaydalarının təqdimində bir

çox hallarda mövcud standartların tələbləri gözlənilməmişdir:

Səhifə 7-də (1-ci bölmə) təqdim edilmiş “Dəyərlərimiz” bölməsindəki “Səs və

hərf”, “Sözün sətirdən-sətrə keçirilməsi”, “Əlifba” məsələləri standartlarda nəzərdə

tutulmamışdır.

2-ci bölmədə səhifə 31-də “Sözlərin deyilişi və yazılışı”, “Saitlərin deyilişi və

yazılışı” 4.1.1. və 4.1.3. alt standartlarının tələbləri ilə üst-üstə düşmür.

3-cü bölmədə səhifə 55-də “-lar – çoxluq bildirən hissəcik” kimi təqdim

olunmuşdur. Əvvəlki standartlarda bu, “cəm şəkilçisi” kimi işlədilmiş, yeni standartlarda

isə nəzərdə tutulmamışdır.

5-ci bölmədə səhifə 105-də verilmiş “Mürəkkəb sözlər”, “Mürəkkəb sözlərin

yazılışı”, “Kök və şəkilçi”, “Düzəltmə sözlər” standartlarda nəzərdə tutulmamışdır.

6-cı bölmədə səhifə 129-da yaxın və əks mənalı sözlərlə bağlı dil qaydalarının

öyrədilməsi nəzərdə tutulmuşdur. Lakin 2.1.2. alt-standartında bu məsələ tamam başqa

cür qoyulmuşdur (2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözlərdən nitqində

istifadə edir.). “Dil qaydaları” məzmun xəttində isə bu qaydaların öyrədilməsi nəzərdə

tutulmamışdır. Dərslikdə şagirdin yaş səviyyəsinə uyğun olan bu tipli sözlərdən istifadə

olunmalı, “Oxu” məzmun xəttini reallaşdırmalı olan mətnlər verilməli idi. Dil

3

qaydasında nəzərdə tutulmayan məsələlərin təqdimi dərsliyin qrammatik yükünün

ağırlaşmasına, fənyönümlülüyə gətirib çıxarır. Alt-standartlarda “yaxınmənalı” və

“əksmənalı” terminləri bitişik yazılsa da, dərslikdə bunlar ayrı yazılmışdır (yaxın

mənalı, əks mənalı ).

7-ci bölmədə verilmiş “Söz birləşməsi” (səhifə 153), “Nitq etiketləri” (səhifə 176)

haqqında məlumatlar dil qaydaları məzmun xəttində nəzərdə tutulmamışdır. 1.2.2.

(Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.) – alt-standartı şagirdin

yaş səviyyəsinə görə dil qaydasının verilməsini zəruri etmir. Ona görə də 2-ci sinifdə

bununla bağlı dil qaydasının verilməsi didaktik tələblərin pozulmasına gətirib çıxarır.

8-ci bölmədə səhifə 195-də verilmiş “Sözün tərkibi” anlayışı standartlarda nəzərdə

tutulmamışdır. Həmin səhifədə sözün tərkibi ilə bağlı ikinci sinif şagirdinin yaş

səviyyəsinə uyğun olmayan ağır çətinlik səviyyəsinə malik tapşırıqlar verilmişdir.

2.2.2. alt-standartı üzrə (Əvvəlki standartla: Bədii mətnləri janrlara görə (şeir,

hekayə, təmsil, nağıl) fərqləndirir, indiki ilə: Kiçikhəcmli bədii mətnləri janrlara görə

fərqləndirir.) dərslikdə iş aparılması qənaətbəxş deyil. Bu alt-standarta uyğun olaraq,

dərslikdə əsasən geniş istifadə olunan “Şeir” (səh.85) və “Təmsil” (səh.143) haqqında

məlumat verilsə də, nağıl və hekayə haqqında məlumat verilməyib. Əvəzində isə 6-cı

bölmədə ikinci sinif şagirdinin yaş və hazırlıq səviyyəsinə və informasiyanın ağırlığına,

genişliyinə görə qavranması və mənimsənməsi çətin olan “Tapmacalar” (səh. 130),

“Sanamalar” (səh. 132), “Oyunlar” (səh.136), “Atalar sözləri” (səh.138), “Laylalar”

(səh.140), “Əsərin ideya məzmunu” (səh.143), “Yanıltmaclar” (səh.146), “Bayatılar”

(səh. 150), “Janr nədir?” (səh.151) kimi məlumatlar verilmişdir.

2.2.2. alt-standartını reallaşdırmalı olan dərslərdən biri səhifə 84-də “Dəvələr”

mətnidir (MMV səh.103). Dərsdə yalnız şeir haqqında məlumat verilir, nağıl və yaxud

hekayənin qısa şəkildə şərhi yoxdur. Bundan əvvəlki dərslərdə də bu janrlardan hər

hansı biri haqqında heç bir şərh verilməyib. Dərsə aid tapşırıqlarda (tapşırıq 1, 2, 3, 4, 5,

6, 7, 8, 9) 2.2.2. alt-standartının reallaşdırılması ilə bağlı sistemli və zəruri iş görülmür.

Dərsə MMV-də məqsəd belə qoyulub: “Şeir və nəsr nümunələrini fərqləndirir, onların

struktur elementlərini (bənd, misra, abzas və s.) tanıyır və onları adlandırır”. 2.2.2.

alt-standartının məqsədi isə bədii mətnləri janrına görə fərqləndirməkdir. Nümunə kimi

4

verilən nəsr əsəri isə elmi-kütləvi mətndir (MMV, səh.104). Standartlarda isə bədii

mətnlərdən istifadə olunması tələb olunur.

Səhifə 107-də “Günəbaxan”, “Ayabaxan” mətnlərində də 2.2.2. alt-standartı

reallaşmalıdır (MMV, səh.123). Burada da səmərəli iş görülmür. Dərsdə nəsr nümunəsi

kimi verilmiş “Günəbaxan” mətninin janrı standartlarda nəzərdə tutulmayıb. Bu nümunə

elmi-kütləvi mətndən bir parçadır. Şagirdin yaş səviyyəsi bu kimi mətnləri janr

baxımından müəyyənləşdirməyə imkan vermir. Digər tərəfdən, belə mətnlərin verilməsi

standartların tələblərinin pozulması, “oxu” məzmun xəttinin reallaşmamasıdır.

Dərslikdə MMV üzrə VII və VIII bölmələrdə 2.2.2. alt-standartı üzrə iş görülməsi

nəzərdə tutulsa da (MMV, səh.169, səh.192), nə dərslikdə bunu reallaşdırmaq üçün iş

görülmüş, nə də MMV-də bununla bağlı hər hansı bir iş nəzərdə tutulmamışdır.

Ümumiyyətlə, “Oxu” bacarığını reallaşdırmalı olan alt-standartlardan biri kimi

2.2.2. standartının dərslikdə reallaşdırılması qənaətbəxş deyil. Bunun üçün nə mətnlər,

nə də tapşırıqlar material vermir.

Yazı məzmun xəttinə aid 3.1.5 alt-standartı (Sinif səviyyəsinə uyğun olaraq

müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.) üzrə nəzərdə

tutulmayan əməli yazılardan da istifadə edilmişdir. Səhifə 44-də “Dostum Lətif” dərsi ilə

bağlı 3.1.6. standartına məqsəd belə müəyyən olunub: “Rəsmi-əməli yazının anket

forması ilə tanış olur”. Dərslikdə də səhifə 45-də anket nümunəsi verilmiş, onunla bağlı

tapşırıqlar MMV-də nəzərdə tutulmuşdur. Amma 3.1.5. alt-standartında anket üzrə

işləmək nəzərdə tutulmamışdır. Sonrakı dərs saatı da (MMV, səh. 68) anket tərtib

etməyə həsr edilmişdir. Dərsə qoyulan təlim nəticələri ikinci sinif şagirdinin yaş

səviyyəsinə uyğun deyil, kifayət qədər çətin və qarışıqdır.

III bölmədə MMV-də nəzərdə tutulan məzmun standartları içində 3.1.5. olmadığı

halda, “Xoşbəxtlik nədir?” dərsində (MMV, səh. 77) bu məzmun standartı üzrə iş

nəzərdə tutulmuşdur.

VI bölmə üzrə MMV-də 3.1.5. alt-standartı üzrə başlıqda (səh. 146) nəzərdə tutulan

məqsəd bölmə daxilində verilməmişdir.

Dərslikdə dil qaydalarının təqdimində faktların elmiliyi, dəqiqliyi baxımından

müəyyən qüsurlar vardır.

5

Səhifə 10-da verilən dil qaydasında deyilir: “Sözlər səslərin birləşməsindən yaranır.

Məsələn, “k i t a b” sözündə beş səs var: k, i, t, a, b”. Fikir səhvdir. Belə ki, nümunə

kimi verilmiş “kitab” sözü bu səslərdən deyil, “k, i, t, a, p” səslərindən yaranmışdır.

Yenə həmin səhifədə: “Samitlərdən fərqli olaraq, sait səsləri tələffüz zamanı

uzatmaq olur” fikri verilmişdir. Lakin 3-cü sinif dərsliyində 28-ci səhifədəki 4-cü və 5-ci

tapşırıqlarda saitlərlə bərabər, samitlərin də uzun tələffüz edilməsindən danışılır. İbtidai

sinif səviyyəsində Azərbaycan dilinə aid qaydalar bir-birini inkar edir ki, bu da elmi-

metodiki vahidliyin pozulmasıdır. Digər tərəfdən, samitlərin uzun tələffüz olunması elmi

əsası olmayan yanlış fikirdir.

Yenə orada yazılıb: “Səslər iki cür olur”. Dəqiqləşdirilməlidir və yazılmalıdır:

“Danışıq səsləri iki cür olur”.

Səhifə 18-də “Heca”nın izahında sondakı “unutmayın” hissəsi artıqdır. Bir neçə

cümlədən ibarət olan təqdimatdakı ifadələrdən birini çıxarıb yenidən qeyd etmək

çaşqınlıq və verilmiş dil qaydalarına şübhəli münasibət yaradır. Şagirdə yaş səviyyəsinə

uyğun olaraq ən zəruri dil qaydaları təqdim edilməlidir.

Səhifə 24-də verilmiş dil qaydasında hərflərin əlifba sırasını bilməyin vacibliyini

göstərmək üçün nümunə kimi telefon kitabçasının göstərilməsi o qədər də uğurlu deyil.

Daha uğurlu nümunə göstərmək lazımdır ki, şagird əlifba sırasını öyrənməyin

zəruriliyini anlasın.

Səhifə 41-də verilmiş qaydada nümunə kimi “kolbasa” sözünün verilməsi uğurlu

deyil. Tədris, yaxud ictimai həyata aid başqa sözlə əvəz olunsa, daha məqsədəuyğun

olar.

Səhifə 82-də əlamət bildirən, 94-də say bildirən sözlərin içində zərflə bağlı

məlumat verilməsi şagirdin yaş səviyyəsinə uyğun deyil. 2-ci sinifdə əlamət və say

bildirən sözlərin hərəkətə aid olmasının qeyd olunması əlavə informasiyadır və

məqsədəuyğun hesab olunmur. Bu məsələ dil qaydaları məzmun xəttində nəzərdə

tutulmamışdır. Verilmiş məlumatlar 4.1.5. alt-standartının (Ad, əlamət, hərəkət bildirən

sözləri qruplaşdırır.) tələblərinə uyğun deyil.

Dərslikdə tapşırıqlarla bağlı müəyyən qüsurlar var.

Səhifə 10-da 4-cü tapşırığın şərti qüsurludur. Şərt belədir: “Sözlərdən birində “k”

fərqli tələffüz olunur”. Verilmiş nümunələrin (tank, sakit, klub) heç birində “k” hərfi

6

fərqli tələffüz olunmur. Bu hərfin “k`” kimi (ka hərfi) tələffüzü fərqli tələffüz olunma

deyil. Sözün hər hansı bir məqamında “y”, yaxud “x`” kimi tələffüzü fərqli tələffüz

olunmadır.

Səhifə 47-də tapşırıq 2-də “səbirlə” (zərf) sözünə sinonim kimi “dözüm, təmkin”

(isim) sözləri verilib. Yanlışdır. “Səbirlə” sözü nitq hissəsi kimi zərf, “dözüm” və

“təmkin” isə isimdir. Sinonimlər eyni nitq hissəsinə aid olduqları üçün müxtəlif nitq

hissəsinə aid sözlər bir-birinin sinonimi ola bilməz.

Səhifə 49-da tapşırıq 7-də verilmiş sözlər yaxınmənalı yox, eynimənalıdır. Tapşırıq

qüsurludur.

Səhifə 71-də tapşırıq 4 qüsurlu tərtib olunub. C bəndi dəyişdirilməlidir. İnsan

adlarının yanında “ayı” sözünün yazılması məqsədəuyğun deyil.

Səhifə 102-də tapşırıq 6 səhvdir. Cavab yoxdur. [K`] yazılmalıdır. Şərt belə

olmalıdır: “Hansı sözün sonunda “q” samiti “k`” kimi tələffüz olunur?”

Dərslikdə bəzi standartların reallaşdırılması unudulmuşdur. Müxtəlif məzmun

xətləri üzrə 1.1.1., 1.1.2., 1.2.1., 1.2.2., 1.2.3., 2.1.1., 2.2.2., 2.2.3., 2.2.4., 2.2.5., 4.1.1.,

4.1.2., 4.1.3. alt-standartlarının reallaşdırılmasına dair tapşırıqlar verilməmişdir.

2. Dil və üslub baxımından

Dərslikdə verilmiş materialların məzmununda şagirdlərin yaş psixologiyasının

nəzərə alınması, mətnlərin dil və üslubu baxımından müəyyən qüsurlar vardır:

Səhifə 8-də verilmiş “Bilik Günü” mətninin birinci iki abzas artıqdır və onun

mövzuya aidiyyəti yoxdur. Mətnin adı və məzmunu üst-üstə düşmür. İlk iki abzas

müəllimliklə, sonuncu kiçik abzas isə “Bilik Günü” ilə bağlıdır.

Səhifə 12-də verilmiş “Bayraqlar” mətninin 2-ci hissəsinin 2-ci abzasında yazılıb:

“Çox qədimdə vahid türk xalqı olmuşdur. Özbək, tatar, qırğız, qazax və başqa millətlər

bu xalqdan törəmişdir”. Buradan elə anlaşılır ki, digər xalqların hamısı, o cümlədən:

ruslar, gürcülər, ermənilər... türk mənşəli xalqdırlar. Dördüncü abzasda yazılıb:

“Dünyada müxtəlif dinlər var: islam, xristianlıq və s. Hər xalq bir dinə inanır”. Hər xalq

bir dinə inanırsa, onda Yer kürəsindəki xalqların sayı qədər din olardı.

7

Səhifə 12-də “Bayraq” mətnini 2-ci hissəsində deyilir: “Müasir olmaq ədalətli,

bilikli, sülhpərvər olmaq deməkdir”. Bu yanlış fikirdir. Azərbaycanın dövlət

rəmzlərindən olan bayrağımızın rənglərinin mənası qəbul olunmuş rəsmi formada izah

olunmalıdır.

Səhifə 14-də “Çahargah” əfsanəsi 3 hissəli mətndir. Mətn olduqca qüsurludur.

Bundan əlavə, musiqinin adının Çahargah olması haqqında heç nə deyilmir. Halbuki

məzmun bunu tələb edir.

Mətndə “musiqiçi”, “ifaçı”, “nəğməkar” anlayışları obraz haqqında çaşqınlıq

yaradır. Dəqiq bilinmir ki, söhbət kimdən gedir. Mətndəki “Nəğməkar vüqarla dedi”

ifadəsi əvəzinə, “sakitcə”, “ehtiramla”, “minnətdarlıqla” ifadələrindən istifadə olunsa,

daha real və təbii olar.

Səhifə 15-də “Dostlar pul gücünə keşikçini ələ aldılar” cümləsindəki “pul gücünə”

ifadəsi didaktik baxımdan yerində deyil. Onun əvəzinə “tədbirlə”, “məsləhətlə” və ya

başqa bir sözü daxil etmək daha məqsədəuyğundur.

Səhifə 17-də 9-cu tapşırıq əlamət bildirən sözlərə aiddir. Bu vaxta qədər ad,

hərəkət, əlamət bildirən sözlərə aid şagirdlərə bir cümlə belə öyrədilmədiyi halda,

bunlara aid suallar verilir.

Səhifə 19-da verilmiş “Novruz bayramı” mətni reallığı əks etdirmir və qüsurludur.

Şəhərdən gələn 2-ci sinif şagirdi olan qonağın Novruz bayramı haqqında məlumatsızlığı

çaşqınlıq yaradır. Mətndə belə cümlələr vardır: “Bütün həyətlərdə böyüklər tonqal

qalamışdılar. Qəribədir ki, böyüklər bunu qadağan etmirdilər. Başqa vaxt deyirlər ki,

odla oynamaq olmaz. İndi isə nəinki tonqal qalamağa, hətta üstündən tullanmağa da

icazə verirlər”.

Səhifə 21-də “Əbədi məşəl” mətndə Yanardağdan bəhs edildiyi halda şəkildə

“Əbədi məşəl” kompleksi təsvir olunub. Sonuncu abzas məzmunca natamamdır. Mətnin

2-ci abzasında deyilir: “-Baba, bu odu kim yandırıb?” Məgər odu yandırırlar?

Yenə burada “Yanardağ” yer adı olduğundan dırnaqda yazılmamalıdır.

Səhifə 22-də verilmiş Əhməd Cəmilin “Vətən” şeirində üç söz təhrif olunub. 2-ci

misrada “sənə” yox, “sana” olmalıdır. 17-ci misrada “bayrağımı” yox, “bayrağını”

olmalıdır. 18-ci misrada “torpağımı” yox, “torpağını” olmalıdır.

8

Səhifə 23-də Şeirə aid 7-ci sual belədir. “Göyçək” sözünü bu sözlərdən hansına aid

etmək olar?” A) şəhər B) qız C)dağ

Şeirdə şagirdlər yenicə oxuyublar ki, “Şəhərlərin göyçəkdir”. (12-ci misra) Buna

görə də “a” variantını seçəcəklər. Amma cavab “b” variantıdır və ya sualın iki cavablı

olduğu ortaya çıxır.

Yenə həmin səhifədə tapşırıq 9-da tələb olunur ki, şagirdlər lüğətlə işləsinlər.

Ancaq lüğətlərlə tanışlıq səhifə 28-də tədris olunacaq. Elə buna görə də hansı lüğətdən

istifadə etməli olduqları göstərilməyib. Tapşırıq 11-də isə 2-ci sinifdə öyrədilməsi

nəzərdə tutulmayan “Sifətin” dərəcələri soruşulur.

Səhifə 25-dəki mətnin axırıncı abzasında bayramın adı belə olmalı idi:

“Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”.

Səhifə 26-da “Rənglərin anası” mətninin “Mübahisə çox uzandı” cümləsindəki

"mübahisə" sözü əvvəlki fikirlərlə məntiqi cəhətdən bağlanmır.

Səhifə 27-də tapşırıq 4 şagirdlər üçün çətindir, yaş səviyyəsinə uyğun deyil.

Səhifə 29-da “Qədim xalça” mətnində təhkiyənin zamanları tez-tez dəyişir. Sanki,

danışan o hadisələri özü görüb. Digər bir tərəfdən, Xan qızı əlvan rəngli iplərə baxıb

heyran qalır. Sanki, Şuşada yaşayan xan qızı boyanın, rəngin nədən və necə alınmasını

bilmir. Mətində “...danışaraq qürurla deyir” əvəzinə “...danışaraq qürurla deyərdi”

işlədilməsi məqsədəuyğundur.

Səhifə 32-dəki mətndəki “şotka” ilə ev “silinir” fikri reallığı əks etdirmir.

Səhifə 36-da “Vasifin gündəliyi” mövzusu üzrə mətn verilir. “26 fevral tarixində

Vasif gündəliyində qeyd edir: “... Dərslərimi hazırlayanda kiçik qardaşım Toğrul həmişə

mənə mane olur...” və s. Mətn I yarımildə - noyabrda keçilir. 26 fevralda isə Xocalı ilə

bağlı mətn verilməli idi. Dərslikdə buna bənzər qüsurlar var. Məsələn, 20 Yanvarda

heyvanlarla bağlı mövzu keçilir və s. Tarixi günlər, hadisələr yada salınmır.

Səhifə 40-da “Sehrli torba” mətninin III hissəsinin sonuncu abzasındakı ikinci

cümləsində “pislik” sözü artıqdır və uşağın yaşına uyğun davranış hərəkəti hesab oluna

bilməz. Cümlənin “Amma Səməd bir daha nadinclik edə bilmədi” kimi verilməsi daha

məqsədəmüvafiqdir. Həmin mətndə və şəkildə 7-8 yaşlı Səmədin odun doğraması da

inandırıcı görünmür.

9

Səhifə 44-də “Dostum Lətif” mətnində nənə deyir: “Oğlum, bir də de görüm, sən

öz adının mənasını bilirsən?” Lətif bunu bilmir. Amma bu, nənə tərəfindən də izah

edilmir. Sual cavabsız qalır.

Səhifə 50-də H.Cavidin “Məktəbli qız” şeirinin dili dəyişdirilib və məzmunu itib.

“... paxıllıq edirlər” yerinə düşməyib. Olmalıdır – “xəsislik edirlər”.

Səhifə 56-da “Açıqca” mətni elə də tərbiyəvi əhəmiyyət daşımır.

Səhifə 59-da “Xoşbəxtlik nədir?” mətni 2-ci sinif şagirdi üçün irihəcmlidir.

Səhifə 60-da mətndə verilən sualın cavabı nə doğru, nə də məntiqidir. Mətnə uyğun

başqa maraqlı bir sual tərtib etmək yaxşı olardı.

Səhifə 65-də “Ağa və nökər” mətninin “Sinfimizin uşaqları” bölməsinə aidiyyəti

yoxdur.

Səhifə 67-də “Hansı söz -lar hissəciyi olmasa da, çoxluq bildirir?” verilir.

Tapşırığın şərti qüsurludur. Olmalıdır: “Hansı söz -lar, -lər şəkilçiləri olmasa da...”.

Səhifə 68-70-də “İki güzgü” mətni tərcümədir. Mətnin ikinci hissəsi yaxşı tərcümə

edilməyib. Sanki, mətndən bir parça çıxarılıb. Mətn məzmunca bəsitdir. B. Leonidova

adlı bir rus müəllifinin niyə məhz belə bir zəif əsərinin Azərbaycan dili dərsliyinə

salınması təəccüb doğurur.

Səhifə 69-da tapşırıq 2-də deyilir: “Maneken” sözünü hansı sözlə əvəz etmək olar?"

2-ci sinfin şagirdinin yaş səviyyəsinə uyğun deyil.

Səhifə 73-də “Vüsalın gündəliyindən” mətnində sonuncu cümlə abzasdan yazılmalı

deyil. Bu mətndə “Tural dostunu pisləyirdi...Tural ata-anasına yalan danışanda Anar onu

satmadı” fikri şagirdi yalançılığa yönəldə bilər.

Səhifə 74-də “Sehrli söz” mətninin “Sinfimizin uşaqları” bölməsinə aidiyyəti

yoxdur və mətnin sonuna yaxın o-dan sonra vergül qoyulmalıdır.

Səhifə 85-də “Yadda saxla” hissəsində sonuncu fikir tam dəqiq deyil.

Səhifə 95-də “Quyruq nəyə gərəkdir?” hissəsində “ağacdan ağaca” sözü defissiz

yazılmalıdır. Yenə burada 4-cü abzasın, 3-cü cümləsində “sallaşır” yox, “sallanır” olsa,

daha dəqiq olar.

Səhifə 98-də “Papaqçı və meymunlar” mətni həcmcə çox böyükdür.

10

Səhifə 102-də tapşırıq 6-da “Hansı sözün sonunda “q” samiti “k” kimi tələffüz

olunur?” şərtində 3 sözdən heç birinin sonunda “q” “k” kimi oxunmur (sadiq, quyruq,

balıq).

Səhifə 112-də “Qızıl nədir?”, “xəzəl görəndə torpaq qızıldır” ifadəsinin mənası 2-ci

sinif şagirdləri üçün anlaşılan deyil

Səhifə 116-117-də ard-arda üç mətn verilib. Bir mətnin verilməsi və onunla bağlı

tapşırıqların qurulması daha məqsədəmüvafiq hesab edilir.

Səhifə 147-də “Sözün izahı” bölməsində nümunə kimi verilən hər iki sözü

yaxınmənalı sözün vasitəsi ilə izah ediblər. Amma ikinci söz qaydada deyildiyi kimi

əksmənalı sözün vasitəsi ilə izah olunmalı idi.

Səhifə 148-də “Göyərçin” mətni məzmunu zəif olan nümunədir.

Ümumiyyətlə, dərslikdə mətnlərdən tutmuş, şəkillərə qədər digər ölkələrin

dərsliklərinə istinad var. Belə hal dəqiq fənn dərslikləri üçün, bəlkə də, müəyyən

mənada keçərli olsa da, ana dili dərsliyi üçün məqsədəmüvafiq hesab edilmir.

Dərslikdə milli qəhrəmanlar, xalq qəhrəmanları, vətən, mənəvi dəyərlər, tarixi

abidələr, erməni vəhşilikləri barədə mətnlər yoxdur (“Əbədi məşəl” mətnini çıxmaq şərt

ilə).

3. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin bədii tərtibatı və dizaynı baxımından da müəyyən qüsurlar vardır. Bunlar

aşağıdakılardır:

I bölmənin başlığında təsvir olunan Dədə Qorqud şəkli uğursuzdur.

Səhifə 8-də “Bilik günü” mətnindəki şəkil məzmuna uyğun deyildir. Burada mətnin

adına uyğun olaraq əllərində gül dəstəsi tutan məktəblilər, valideynlər, müəllim və

məktəb təsvir olunmalı idi. Görünür, mətnin məzmunu ilə başlığının üst-üstə düşməməsi

şəklə də təsir edib.

Səhifə 14-də şəkil məzmuna uyğun gəlmir. Mətndə padşah və onun hüzurunda

ayaq üstə dayanan musiqiçidən danışılır. Şəkildə də bu hadisə olduğu kimi təsvir

olunmalı idi. Bundan əlavə, şahı möhtəşəm, qüdrətli, üz cizgilərinə görə qəzəbli çəkmək

lazımdır ki, mətnlə uyğunlaşsın.

11

Səhifə 16-da dəvələrin şəkillərində də qüsur vardır. Onların beli düzgün təsvir

olunmamışdır.

Səhifə 21-də “Əbədi məşəl” mətnindəki şəkil mətnin məzmunu ilə bağlı deyildir.

Burada “Yanardağ” təsvir olunmalı idi. Yaxud ata ilə oğul verilməli idi.

Səhifə 29-da “Qədim xalça” mətnindəki şəkil mətnin məzmununda təsvir olunan

əsas hadisə ilə bağlı deyildir.

Səhifə 38-də mətn ciddi, ibrətamiz olsa da, şəkillər karikatura janrını xatırladır.

Balaca Səmədin şəkli isə, xüsusən, gülməlidir. O, həm də yaşından xeyli böyük görünür.

Səhifə 42-də “Yaşıl fincan” mətni üçün tərtib olunan şəkil də qüsurludur.

Səhifə 56-da şəkildə məktəblilər təsvir olunmalı idi. Burada isə fərqli şəkil verilib.

Səhifə 59-da “Xoşbəxtlik nədir?” mətnindəki şəkil məzmunla uyğun gəlmir. Fonda

meydançada oynayan uşaqlar, həyət təsvir olunmalı idi.

Səhifə 97-də mətnə aid olan şəkildəki insanlar elə şən təsvir olunublar ki, sanki

dəhşətli yanğın mənzərəsinə yox, klounun çıxışına baxırlar.

4. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) (2009)

məzmunu baxımından (Müəlliflər: Gülşən Orucova, Nərminə

Qaragözova, Rafiq İsmayilov, Zahid Xəlilov)

Metodik vəsaitin əvvəlində nümunəvi illik planlaşdırma nümunəsi verilməli idi.

Burada tədris vahidləri, mövzular, reallaşdırılacaq standartlar, resurslar, inteqrasiya,

strategiyalar, iş formaları, saat, tarix qrafları göstərilməli idi. Belə olsa idi, onda

dərslərin planlaşdırılmasına dair təqdim olunan plan nümunələrinin ilkin qrafik

formasına bir o qədər ehtiyac qalmazdı və vəsaitin həcmi bir qədər də yığcamlaşardı.

Amma MMV-də bu iş natamam formada sonda (səh. 216-223) təqdim edilmişdir.

Səhifə 6-da “I-IV siniflər üçün Ana dili kurikulumu” başlığından sonra ümumi

təlim nəticələri, xüsusən də 2-ci sinif üzrə təlim nəticələrinin verilməsi vacibdir.

Müəllim MMV-ni əlinə alanda öncə bir il ərzində şagirdlərin əldə edəcəkləri bilik və

bacarıqların məzmunundan xəbərdar olmalıdır.

“Məzmun xətləri” başlığında əksini tapan məsələlər hər bir məzmun xətti üzrə bilik

və bacarıqların ümumi məzmununun şərh olunmasına həsr olunmalı idi. Səhifə 6-14-də

12

qeyd olunan məlumatlar məzmun xəttinin əhatə etdiyi məsələlərdən xeyli kənara

çıxmışdır. Müəlliflər əsas diqqəti məzmun xətlərinə, standartlara, alt standartlara və

onların şərhinə yönəltməli idilər.

Səhifə 6-da sonuncu abzas metodik baxımdan düzgün deyildir. Belə ki, nə məzmun

xəttinin, nə də onların əhatə etdiyi məsələlərin təhrifinə yol verilə bilməz. Çünki

məzmun xəttində əhatə olunan məsələlər dövlət standartlarıdır və onu, dəyişdirmək,

təhrif etmək olmaz.

Məzmun xətlərinin adlarının təhrif olunaraq təqdim olunması (səh.8, səh.10),

onlara fərqli yozumların verilməsi yolverilməz haldır.

Səhifə 7 və 8-də təqdim olunan cədvəllər əyaniliyə xidmət etmək əvəzinə, fikri

daha da mürəkkəbləşdirir.

Səhifə 15-də 4.1.5. alt-standartının açıqlanmasında elmi səhv var: “Sözün

qrammatik mənası dedikdə, onun ümumi leksik mənası, yəni ad, əlamət və ya hərəkət

bildirməsi....” burada leksik mənanın məzmunu elmi baxımdan təhrif olunmuşdur.

Səhifə 16-da təqdim olunan başlıq – “Təlim texnologiyaları” yerində deyil. Çünki

burada təlim texnologiyalarından danışmaq nə məqsəd, nə də vəzifədir. Burada yalnız

fəal interaktiv təlimdən söhbət gedə bilər.

Səhifə 17-də təqdim olunan “İnteraktiv dərs modeli” sxeminin adı elmi baxımdan

yanlışdır. Təqdim olunan sxem fəal/interaktiv dərsin mərhələlərini göstərir və görülən

işlərin hərəkət istiqamətini təqdim edir. Amma bu addımların təqdimində də yanlışlığa

yol verilmişdir. Belə ki “tədqiqat sualı” mərhələsindən sonra atılan növbəti addım ilkin

fərziyyələrin alınaraq lövhəyə qeyd olunmasıdır. Növbəti çatışmazlıq “müzakirə” və

“nəticə” mərhələlərində özünü göstərir. Belə ki, müzakirənin sonu yekun qənaətlə,

ümumiləşdirmə ilə tamamlanmalıdır. Növbəti nəticəni çıxarma mərhələsində həmin

ümumiləşdirmə ilə ilkin fərziyyələr tutuşdurulmalı və nəticə çıxarılmalıdır. Əgər ilkin

fərziyyələr alınaraq lövhəyə qeyd olunmazsa, onda nəticə çıxarma mərhələsi öz

əhəmiyyətini və statusunu itirmiş olur. Deməli, sxemdə bu məsələlər öz yerini

tutmalıdır.

“Mətnlə bağlı çalışma modelləri” başlığı altında nəzərdə tutulan tapşırıqlar

(səh.18-19) məzmun xətlərinə dair alt-standartların tələblərinə uyğunlaşdırılmalı idi.

Həmin nümunələrlə tanışlıqdan belə görünür ki, “dil qaydaları”na aid dərslikdə heç bir

13

tapşırıq verilməyəcək. Çünki burada belə bir başlıq nəzərdə tutulmamışdır. Həmin

tapşırıq modelində əhatə olunan məzmunun əksər hissəsi məzmun xətlərindən və

standartlardan kənar məsələləri əhatə edir və müəllimləri yanlış istiqamətə yönəldir.

“İntellektual oyunlar” başlığı altında təqdim olunan bəzi anlayışlar

dəyişdirilməlidir. Səhifə 20-də “Doqquzdaş” oyunu təqdim olunur. Burada “... kiçik

kublardan – zərlərdən istifadə olunur” fikri vardır. “Zər” sözünün buradan çıxarılması,

əvəzində isə “kub” və ya “kubik” sözünün saxlanılması təlim-tərbiyə baxımından daha

məqsədəuyğundur.

Həmin başlıq altında “Söz-loto” (səh.21) oyunu da təqdim olunmuşdur. Burada da

“loto” ifadəsindən qaçmaq vacibdir. Əvəzinə “söz – məna qrupu” işlət ifadəsi daha

doğru olardı.

Səhifə 22-də sərlövhədə və onun altında - 3-cü sətirdə də (loto “daşları” ifadəsində)

düzəliş aparılması məqsədəuyğundur.

“Qiymətləndirmə” başlığı altında təqdim olunan məlumatlar mövcud qaydalara

ziddir və tamamilə yenilənməlidir (səh. 24-28). Burada diaqnostik, formativ və

summativ qiymətləndirmənin aparılması qaydası verilməlidir.

“Dəyərlərimiz” bölməsi üçün təqdim olunan məqsədlər mövcud məzmun xəttinin

və məzmun standartlarının təhrifindən ibarətdir. Burada əksini tapmış 14 məzmun

standartından 9-u təhrif olunmuşdur. Qeyd etmək lazımdır ki, burada məqsədlər kimi

nəzərdə tutulanlar sonradan mövzuların tədrisinin planlaşdırılmasında yenidən təhriflərə

məruz qalmışdır. Ümumiyyətlə, hər bölmənin əvvəlində təqdim olunan “məqsədlərlə”

“gözlənilən şagird nailiyyəti” başlığı altında qoyulan açıqlamalar çox az hallarda üst-

üstə düşür.

Bölmələrin sonunda təqdim olunmuş qiymətləndirmə cədvəllərinin hamısı səhvdir.

Dərslərin planlaşdırılmasında cədvəllərin birinci qrafasında əks olunan “gözlənilən

şagird nailiyyətləri” anlayışı səhvdir. Bu ifadə “təlim nəticələri” ilə əvəz olunmalıdır.

Dərslərin planlaşdırılması zamanı qeyd olunan məzmun standartları ilə gözlənilən

təlim nəticələri arasında əksər mövzularda uyğunsuzluq vardır: səhifə 33-də 2.1.4, 2.1.3,

səh.34-də 2.1.2, səh.35-də 4.1.3, səh.36-da 2.2.1, 1.2.1, 3.1.1, 2.2.4, səh.38-də 2.2.1,

səh.39-da 2.2.4,1.2.1,2.1.4, səh.40-da 2.2.1, səh.41-də 4.1.1, 2.2.4, səh.42-də 3.1.1,

səh.44-də 2.2.4, səh.45-də 2.1.4, səh.46-da 1.1.2, 4.1.3, səh.47-də 2.2.4 və digər

14

mövzular üzrə də vəziyyət eynidir. Standartlardan bu cür yayınmalar kursun

məzmununu və mahiyyətini tamamən səhv istiqamətə yönəltmiş və onu təyinatından

uzaqlaşdırmışdır. Qeyd olunduğu kimi, məzmun standartlarının dəyişdirilməsi, təhrifi

yolverilməz haldır.

Dərslərin planlaşdırılmasında “fənlərarası inteqrasiya” qrafasında əksər mövzularda

əsas standartlar göstərilmişdir. Əslində isə hər bir fənn inteqrasiyası üçün alt-standartlar

verilməli idi.

Təqdim olunan bir çox dərs nümunələrində fəal\interaktiv dərsin mərhələlərinə

əməl olunmamışdır. Dərs nümunələrinin sonunda qiymətləndirmə üçün nəzərdə tutulan

məsələlər yanlışdır və onlar dəyişdirilməlidir. Formativ qiymətləndirmə meyarları

buraya daxil edilməlidir.